Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəni sanksiyalarla təhdid edən ABŞ rəsmən tanımadığı Tayvana 2.2 milyard dollar həcmində silah satışına icazə verib.
Teleqraf.com xəbər verir ki, Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) bu barədə ABŞ Konqresini məlumatlandırıb.
Razılaşmaya görə, ABŞ Tayvana 2.2 milyard həcmində 108 ədəd “M1A2T Abrams” tankı və 250 ədəd “Stinger” raketi verəcək. Paketə eyni zamanda, çoxlu sayda döyüş avtomatı, silah-sursat, “Hercules” tipli zirehli texnika və digər hərbi avadanlıqlar daxildir.
Çinin öz ərazisi elan etdiyi Tayvanın uzun zamandır əsas silah tədarükçüsü olan ABŞ rəsmi olaraq bu ölkəni tanımamasına baxmayaraq, müdafiə məqsədli silahlar satır.
Satışına icazə verilən silahları ABŞ-ın “General Dynamics Corp” və “Raytheon” şirkətləri istehsal edir.