Əli Babacanın təklifi ilə görüşümüz oldu. Ona “partiya yaradıracaqsınızmı” deyə sual ünvanladım. “Hazırda düşünmürük, amma bir platforma üzərində çalışırıq” cavabını verdi. Dedim bax, Əli bəy, əgər sənin hökumətə verəcəyin təkliflər varsa, bundan istifadə edərik. Məlumdur ki, mən sənə partiyada müşavirlik təklif elədim, qəbul eləmədin. O, “seçkidən sonra istefa verəcəyəm, çünki partiyaya olan inamımı itirməyə başladım” dedi. Səbəbini soruşanda ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan geri qayıdarkən təyyarədə sabiq nazir Əli Babacanla görüşü barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan özbəkistanlı həmkarının xahişi barədə də ilk dəfə danışıb: “Özbəkistan prezidenti dövlətin formalaşması üçün məndən kadr məsləhət görməyimi xahiş edəndə Əli Babacanı təklif etdim. Təəssüf onlara da “hə” demədi. Bizim əqidə yoldaşlığımızın bir xüsusiyyəti var, mübarizəni yarımçıq qoymaq olmaz. Burada axıradək xidmətdən söhbət gedir. Əli bəy AKP-də bəlkə də Türkiyədə ən gənc yaşda nazir postuna gələn şəxsdir. Razılaşdığımız və razılaşmadığımız bir sıra məsələlər olub. Onlardan ən vacibi faizlə əlaqədar məsələdir. Faizlə bağlı heç vaxt anlaşa bilmədik. İnflyasiya aşağı endi, xatırlayın, sonra dövlət çevrilişinə cəhd oldu, Gəzi hadisələrini yaşadıq”.
Onun sözlərinə görə, partiyadan bu formada ayrılanlar əvvəllər də olub: “İndi Əli bəy rahat şəkildə istefa verib, xeyirli olsun. Əli bəyə də dedim “Yolunuz yolunuzdur, eyvallah, amma unutmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. S2z bunu edirsiniz. Bunu parçalamaqla da irəli gedə bilməyəcəksiniz”. Əlavə elədim ki, çox da gecikməyin”.