On ikinci gündür həbsxanada aclıq aksiyasını davam etdirən Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayidən xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, siyasi məhbusun ailəsi ondan xəbər ala bilmədiyini açıqlayıb.
Azərbaycanlı fəal Tehranın Evin həbsxanasında saxlanılır. Siyamək Mirzayinin ailə üzvləri ilə görüşməsi və telefon əlaqəsi saxlamasına da qadağa qoyulub.
O, sonuncu dəfə iyulun 5-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb. Fəalın ailəsi və yaxınları onun vəziyyətindən narahatdır.
Güney azərbaycanlı fəal 3 illik həbs müddətini başa vurmasına baxmayaraq, azadlığa buraxılmır. O, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) nəzarətində olan həbsxananın 209-cu korpusuna köçürülüb.
Fəal ETTELAAT və İran məhkəməsinin qanunsuz qərarına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.
Azərbaycanlı fəal 2016-cı ildə ölkənin milli təhlükəsizliyini təhdid etmək və qanunsuz qruplaşma yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib. Lakin Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq, onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.