12 İyul 2019 14:03
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya sələfi Petro Poroşenkonun və ətrafının lüstrasiyası ilə bağlı qanun layihəsi təqdim edib.

Teleqraf.com xəbər verir ki, layihə artıq qeydiyyata alınıb. Bu gün parlamentin saytında dərc olunan qanun layihəsinə görə, sabiq prezident və onun ətrafı lüstrasiya altına düşə bilər.

Qeyd edək ki, V.Zelenski bundan öncə P.Poroşenko da daxil olmaqla Ukraynanın 23 fevral 2014-cü ildən 19 may 2019-cu ilədək işləmiş bütün ali rəhbərliyinin ömürlük dövlət idarəçiliyində işləməsinin qadağan olunmasını təklif etmişdi.

Bu qanun layihəsi isə lüstrasiya altına düşən şəxslərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Qanunun əhatə dairəsinə keçmiş prezident, parlamentin bütün deputatları, Radanın spikeri, hökumət üzvləri, Baş prokuror, Ukrayna Təhlükəsizlik Xidmətinin, Antiinhisar Komitəsinin və Dövlət Əmlak Fondunun rəhbərliyi, Milli Təhlükəsizlik Şurasının katibi, gömrük və vergi xidmətinin, müdafiə müəssisələrinin rəhbərliyi daxildir.

Venesiya Komissiyasının (Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi orqanı) rəhbəri Canni Bukikkio lüstrasiya haqqında qanun layihəsinin Avropa standartlarına uyğun olmadığını bildirib.

Qeyd edək ki, lüstrasiya hər hansı ölkədə hakimiyyət dəyişikliyindən sonra əvvəlki hakimiyyət tərəfdarlarının hüquqlarını məhdudlaşdırmaq üçün tətbiq edilən qanuni məhdudiyyətlərə deyilir. Lüstrasiya hərfi tərcümədə “işıqlanma, təmizlənmə, paklanma” deməkdir. Termin əsasən Avropa dövlətlərində kommunizmin çöküşündən sonrakı “təmizləmə” aktını ifadə edir.


Müəllif: Səxavət