13 İyul 2019 19:16
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın cümə namazının dönəm başqanı, axund Kazım Sədiqi rəsmi Londona qarşı təhdid dolu sərt bəyanatlar səsləndirərək, nüvə sazişindən və İranın uranı yüksək səviyyədə zənginləşdirəcəyindən danışıb.

Teleqraf.com-un məlumatına görə, axund deyib ki, Böyük Britaniya hökuməti İrana məxsus “Grace-1” neft tankerini Cəbəllüttariq boğazında saxladığına görə cəzalandırılacaq:

“Şükürlər olsun ki, Allah bizim düşmənləri ağılsız yaradıb. Allahın köməkliyi ilə sizi əmin etmək istəyirəm ki, ingilislər yol verdikləri bu səhvə görə tezliklə islam respublikasının güclü əllərindən sillə yeyəcəklər və bu əməllərindən həmişə peşman olacaqlar. Nüvə sazişi məsələsinə gəlincə, avropalıların verdikləri vəddən bir il keçməsinə baxmayaraq, onlar nüvə razılaşması əsasında üzərlərinə götürdükləri öhdəliklərə nəinki əməl etməyiblər, hətta Amerikaya tabe olaraq, onun bizə qarşı tətbiq etdiyi sanksiyalara dəstək veriblər. Məhz bunları nəzərə alaraq, İran İslam Respublikası bundan sonra heç kəsə güzəştə getməyəcək, uranı 20 faiz dərəcəsində və ya ehtiyac duyduğu daha yüksək dərəcələrdə zənginləşdirəcək”.

Qeyd edək ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın Suriyaya neft daşıyan “Grace-1” gəmisini saxladıqları barədə məlumat yayıblar. Onu da qeyd edək ki, axund bu fikirləri iyulun 12-də cümə namazı xütbəsindəki çıxışı zamanı bildirib.


Müəllif: Səxavət