“Rusiya Gürcüstanda cərəyan edən olayların mərkəzində özünü çaşmış vəziyyətdə tapdı. Kremlin təxribatı işə yaramadı, bu dəfə “böyük güc”ün prezidentinin (Putin) lənəti dağıdıcı ola bilmədi”.
Teleqraf.com xəbər verir ki, bunu gürcü siyasi analitik Qoça Qvaramiya deyib.
Analitik planı baş tutmayan Rusiya Prezidenti Vladimir Putinin “mədəni insan” obrazı oynadığını bildirib:
“Plan baş tutmadı, nəticədə Putin dünya ictimaiyyətinin qarşısında “kübar”, “incə” və “hər şeyi bilən” adam obrazı yaratmağa çalışır. Lakin buna baxmayaraq o, təkcə Gürcüstan üçün yox, digər ölkələr üçün də Çar Rusiyasının tarixi xronikasını, xəritələrini və sənədlərini masaya qoyaraq, yenidən nəzərdən keçirir.
Məsələn, Putinin Ukrayna ilə bağlı tarixi iddiası var. Rusiya Gürcüstanın iki bölgəsini işğal edibsə, Putin Ukrayna dövlətini isə ümumiyyətlə rədd edir və belə bir dövlətin olmadığını deyir”.
Gürcü ekspert Putinin Rusiya ətrafındakı bir çox ölkəni (əsasən keçmiş sovet respublikaları) “tarixi rus əraziləri” kimi qəbul etdiyini bildirib.