“Texnoloji avadanlıqlarla maraqlanmıram, məsələn, 5 ildən sonra özümə yeni bir telefon almışam”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə deyib.
Populyar aktrisa jurnalistlərin suallarına cavab verərkən, əvvəlki mobil telefonu tamamilə köhnəldiyi üçün yenisini aldığını bildirib:
“Qarşı tərəf səsimi eşitmədiyi üçün səsucaldanda danışırdım. Son iki aydır həyatımda heç bir məhrəmlik qalmamışdı, nə danışdığımı hər kəs eşidirdi. Buna görə yeni telefon almağa məcbur oldum”.
Nəsrin yay tətilini işləyərək keçirdiyini deyib:
“Bir filmi bitirdim, yaxınlarda yeni filmə başlayacağam. Çəkilişlər Ankarada olacaq. Filmdə musiqi müəllimi obrazını canlandıracağam, məni ilk dəfə mahnı oxuyan görəcəksiniz. Bu filmə qədər sadəcə hamamda duş qəbul edərkən mahnı oxuyurdum. Səsimin gözəl olduğunu deyirlər, amma müğənni olmağı düşünmürəm”.
O, müğənnilik iddiasının olmadığını, lakin albom çıxarmağı düşündüyünü vurğulayıb:
“Bu sınaq məni cəsarətləndirdi. Dedim ki, həyatımın bir nöqtəsində mütləq oxumalıyam. Ətrafımdakı insanlar da bu məsələdə məni dəstəkləyirlər”.
Keçən günlərdə sosial şəbəkədə “Min dəfə bəli...” paylaşımı edən Nəsrin Cavadzadənin evlilik təklifi aldığı iddia olunmuşdu.
Bir müddətdir Alihan adlı kişi ilə eşq yaşayan Cavadzadə bu haqda ilk dəfə danışıb:
“Həmin paylaşım bələdiyyə seçkiləri ilə bağlıydı, yəni bunun evlilik təklifi ilə əlaqəsi yoxdur. Əlbəttə, evlənmək istəyərdim, məncə evlilik böyük bir olaydır. İnsanlar sevgiyə dair bir az təmkinli və ümidsizdir. Mən elə deyiləm. sevdiyim insanla həyatımı birləşdirib 7 uşaq dünyaya gətirmək istərdim”.