20 İyul 2019 09:05
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mediasında iqlim dəyişikliyinə dair məlumatların sayının artması təsadüfi deyil. Elm adamları qlobal istiləşmə ilə başlayan prosesin fəlakət mərhələsinə keçidin astanasına çatdığını iddia edir.

Teleqraf.com xəbər verir ki, Qərbdən olan alimlər təhlükənin miqyasının ehtimal ediləndən də böyük olduğuna dair xəbərdarlıq edir.

Enerji resurslarının istehsalında istifadə olunan neft və təbii qaz kimi zərərli yanacaqlar iqlim dəyişikliyinə səbəb olan ön önəmli faktorlar sayılır. Elm adamları atmosferdəki karbon dioksidin həcminin 1750-ci illə müqayisədə 47% artdığını təsbit edib. İnsanların atmosferə buraxdığı qazlar istixana effekti yaradır. Günəşdən gələn enerji istixana effektinin artmasına görə Yer kürəsində sıxılıb qalır və dünyamız sürətlə isinir.

Son 1 əsrdə ortalama istilik təxminən 14 dərəcə olaraq ölçülüb, son 150 ildə isə Yer kürəsi 1 dərəcə isinib və bu istiləşmənin üçdə iki hissəsi son 50 ildə baş verib. Geridə qoyduğumuz 18 il ildə isə istilik rekordu dəfələrlə qırılıb. Dünya üçün kritik ehtimal planetin 2 dərəcə isinməsidir. Mütəxəssislər 2030-cu ilədək qlobal istiləşmənin 1.5 santiqrad dərəcəyə çatacağını bildirir. İddiaya görə, Yer kürəsi 2 dərəcə isinsə, iqlim yüz min illərdir görülməyən formada dəyişəcək.

Antarktika buzlaqları əriyir

İqlim dəyişikliyi ilə ortaya çıxan ən qorxunc təhdid buzlaqlardır. Antarktikada aparılan son araşdırma məsələnin nə qədər ciddi olduğunu göstərir. Kaliforniya və Utrext universitetləri, o cümlədən ABŞ-ın Milli Kosmos İdarəsinin (NASA) araşdırmasına görə, 2001-2017-ci illər aralığında donmuş materikdəki buzlaqların əriməsi 280% artıb, yəni sürətlənib. 1979-2001-ci illər arasında ildə ortalama 48 milyard ton buzlağın əridiyi Antarktikada bu rəqəm 2001-2017-ci illər aralığında illik 134 milyard tona çatıb. Nəticədə 1979-cu ildən bu yana dünya okeanlarında suyun səviyyəsi təxminən 1.5 sm yüksəlib. Antarktikada buz təbəqəsinin əriməsi hazırkı sürətlə davam edərsə, qarşıdakı yüz ildə dəniz suyunun səviyyəsi qitələrə təhlükə yaradacaq səviyyədə yüksələ bilər.

Aclıq, quraqlıq...

İqlim dəyişikliyinin təsirləri sadəcə istiləşmə və buzlaqların əriməsindən ibarət deyil, bu, iqtisadiyyat və kənd təsərrüfatına da mənfi təsir edir. Quraqlıq, sel, şiddətli qasırğalar kimi təbii fəlakətlərin sayı durmadan artır. Elm adamları tədbirin görülməyəcəyi halda, okean və dənizlərdə suyun səviyyəsinin artmasının böyük fəlakətlərə səbəb olacağı xəbərdarlığını edir. Nəticədə dənizlərdə turşunun həcmi artacaq və buzlaqlar əriməyə davam edəcək. Bütün bu olaylar səbəbindən planetdəki həyat ciddi risklərlə üz-üzə qalacaq.

Qrenlandiyada bir gündə 2 milyard tonluq buz əridi

Danimarka Meteorologiya İnstitutu iyunun 13-də Qrenlandiyada 17.3 dərəcə temperature qeydə alıb. Alimlər bu göstəricinin yay şərtləri üçün də yüksək olduğunu deyir. İqlim mütəxəssisi Rut Mottram bu haqda deyir: “Bölgədəki istiləşmə qeyri-adi olmaqla yanaşı, radikal bir hava dəyişikliyi ilə üz-üzə qalmışıq”.

İqlim dəyişikliyi Şimal qütbündə baş verən anomal hallar və quraqlıqlarla yanaşı, dünyanın bütün ölkələrinə həyəcan siqnalı verir. Alimlər planetdə temperaturun yüksəlməsinin radikal quraqlıq, yanğınlar, sellər və qlobal mənada aclığa səbəb olacağını iddia edir. Dünya əhalisinin ölüm-qalım savaşı gözləyir.

Paris iqlim anlaşması

2016-cı ildı qüvvəyə minən Paris İqlim Müqaviləsinin hədəfi qlobal istiləşmənin 2 dərəcəyə çatmasının qarşısını almaqdır. Yəni istiləşməni 1.5 dərəcə ətrafında saxlamaq… Lakin anlaşmanın imzalanmasından üç keçməsinə baxmayaraq, 195 ölkədən ancaq 58 ölkə atmosferə karbon qazının burxılmasını məhdudlaşdıracaq tədbirlər görür. Ancaq 16 ölkə öz maraqları çərçivəsində bu məsələnu qanuniləşdirib.

BMT-nin Ekologiya Proqramına dair verilən açıqlamaya görə, Paris İqlim Anlaşmasının şərtləri yerinə yetirilsə belə, Şimal Qütbündəki istiləşmə davam edəcək. Şimal Qütbündəki temperatur 2050-ci ilədək 3-5 dərəcə, 2080-ci ilədək 5-9 dərəcə artacaq. Qütbləri əridəcək istiləşmə paralel olaraq dünya okeanları və dənizlərdə suyun səviyyəsinin hiss olunacaq dərəcədə yüksəlməsinə yol açacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər