11 Sentyabr 2014 12:00
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Barak Obama Suriyada “İslam Dövləti”nin mövqelərinə tərəddüdsüz hava zərbələri endiriləcəyini bəyan edib.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Obama televiziya ilə Amerika xalqına müraciətdə danışıb.

O, Amerikanın təhlükəsizliyini təhdid edən hər bir kəsin heç bir sığınacaq tapa bilməyəcəyinə söz verib:

“Biz ölkəni təhdid edən terrorçuları onların harada olmasına baxmayaraq izləyəcəyik. Bu o deməkdir ki, mən tərəddüdsüz “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı İraqda olduğu kimi Suriyada da əməliyyata başlayacağam”.

Amerika prezidenti İraqda “İŞİD” qruplaşmasının nə əsl İslam, nə də dövlətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Hədəfimiz aydındır: Biz hərtərəfli əks-terrorizm strategiyasına əsaslanaraq “İŞİD”-i zəiflədəcək və sonda darmadağın edəcəyik”.

ABŞ-a hücumun ildönümü ərəfəsində amerikalılar qarşısında çıxış edən Obama bəyan edib ki, “İslam Dövləti” militanlarına qarşı mübarizə İraq və Əfqanıstandakı müharibələrdən fərqlənəcək. Belə ki, ABŞ döyüş meydanına əsgər göndərməyəcək.

“Xarici torpaqda Amerika əsgərləri olmayacaq. Əks-terror kampaniyası düşmənə istənilən nöqtədə ardıcıl, amansız hava zərbələrinə əsaslanacaq”.

Amerika prezidenti Suriya müxalifətinin mötədil qruplarının silahlandırılması və təlim proqramlarına Konqresin razılığını almağa çalışır.

Barak Obamanın sözlərinə görə, ABŞ cihadçıların mövqelərini maksimum zəiflətmək üçün təkcə hərbi yox, eyni zamanda diplomatik addımlar atacaq.

Açıqlanan plana İraq təhlükəsizlik qüvvələrinə və Suriyadakı Qərb təmayüllü müxaliflərə təlim keçmək daxildir. Planın başlıca hissəsi Amerika müttəfiqlərinə havadan davamlı dəstək vermək və düşmən hədəflərini bombardman etməyi nəzərdə tutur.

ABŞ prezidenti həmçinin hava zərbələrinin Suriyada genişlənəcəyini istisna etməyib və bildirib ki, hərbi səylərdə ABŞ özünün Avropa və Yaxın Şərdəki müttəfiqləri ilə əməkdaşlıq edəcək.

Samir

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müracət edəcəyik.


Müəllif: