24 İyul 2019 11:22
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin korteji bu gün səhər Rusiyanın bu ölkədəki avibazasının ərazisinə daxil olub. Buradan isə eks-prezident Rusiyaya uçmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məlumat verib.

Bundan öncə Atambayev bildirmişdi ki, Moskvaya çərşənbə günü günorta uçmağı planlaşdırır. O, səfərin məqsədi və Rusiya paytaxtında baş tutacaq danışıqlarla bağlı heç nə danışmayıb. Bunu “konfidensial informasiya” adlandırıb. Daha sonra isə eks-prezident bəyan edib ki, ölkədən Kanta şəhərindəki Rusiya avibazasından Moskva vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 10:30-da) uçacaq.

Uçuşun baş tutub-tutmadığına dair hələlik hər hansı məlumat yoxdur.

Qırğızıstan Daxili İşlər Nazirliyindəki mənbə isə RİA Novosti-yə bildirib ki, hazırda A.Atambayevin ölkədən çıxışına heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, A.Atambayev prezident olduğu dövrdə bir sıra qanunsuzluqlar etməkdə ittiham olunur. Məhkəmədə günahı sübut olunarsa, onu ömrlük həbs gözləyir.


Müəllif: Səxavət