2024-cü il problemi – Vladimir Putinin növbəti hakimiyyət müddətinin sonudur. Onun seçkilərdə bundan sonra iştirakı Konstitusiya ilə məhdudlaşdırılıb. Bu səbəbdən Kremldə bir neçə varianta baxılır.
Teleqraf.com xəbər verir ki, bunu öz bloqunda “Yukos” neft şirkətinin keçmiş sahibi, uzun müddət Rusiyada siyasi məhbus həyatı yaşayan, hazırda Avropada olan Mixail Xodorkovski yazıb.
“2008-ci ildə bu problem sadə yolla həll edildi: Dmitri Medvedyev prezident oldu. İndi bu ssenarinin təkrarlanması alınmayacaq. Axı reytinq və yaş tamamilə fərqlidir”, – deyə M.Xodorkovski qeyd edib.
O qeyd edib ki, ən sadə variant – hakimiyyəti tərk etmək, dincəlməkdir. Ancaq bu variant heç zarafatla da nəzərdən keçirilmir:
“İlk variant Belarusla bir ölkədə birləşməkdir. Yeni Konstitusiya ilə yeni bir ölkə yaranır. Prezidentlik müddəti yenidən müəyyənləşdirilir və necə deyərlər, ölüm ayıranadək hakimiyyətdən yapışmaq olar. Ancaq bu birlik Rusiya iqtisadiyyatı üçün bəzi suallar doğurur. O cümlədən bu, Rusiya təsərrüfatı üçün ildə 20 milyard dollar xərc deməkdir. Düzdür, ölkə üçün bu o qədər də çox deyil. Putin üçün isə bu, ümumiyyətlə problem deyil. Söhbət ondan gedir ki, Lukaşenko hakimiyyəti itirmək istəmir”.
Rusiyalı siyasətçi qeyd edib ki, Aleksandr Lukaşenko indiyə qədər Kremlin tələblərinə qarşı mübarizə aparmağa müvəffəq olub. Ən azı bir müddət.
M.Xodorkovski qeyd edir ki, 2024-cü il probleminin digər həlli hakimiyyətin prezidentdən ölkənin baş nazirinə təhvil verilməsidir:
“Məlumdur ki, bu zaman Putin ölkənin baş naziri olacaq və məhdudiyyətsiz olaraq ölkəni idarə edə biləcək.
Üçüncü variant səlahiyyət müddəti bitdikdən sonra da sadəcə hakimiyyətdə qalmaqdır. Bunun üçün ölkədə fövqəladə hadisə, yaxud müharibə baş verməlidir”.
M.Xodorkovski qeyd edir ki, V.Putin qəti qərarı son anda verməyi sevir: “Onun 2024-cü ildə hara gedəcəyi açıq qalmış bir sualdır: Hökumət Evinə gedəcəyi, Kremldə qalacağı, yoxsa möhkəmləndirilmiş hərbi bunkerdə gizlənəcəyi daha sonra bilinəcək”.