Hazırda Avropada anomal isti hava şəraiti hökm sürür. Almaniya, Fransa və Belçikada hərarət 40 dərəcəyə yüksəlib. Rusiyada isə sərin iqlim müşahidə olunur. Niyə?
Teleqraf.com xəbər verir ki, Moskva Meteoroloji Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova “Komsomolskaya Pravda”ya şərhində bu suala aşağıdakı kimi cavab verib:
“Avropada əvvəllər də indiki kimi istilər müşahidə olunub, ancaq çox-çox əvvəllər – əgər salnaməçilərə inansaq, XVI əsrdə də Avropada bu cür istilər olub. Ancaq qlobal iqlim dəyişiklikləri həqiqətən də var. Yerin öz oxu ətrafında dövr etmə qanununa görə, hava kütlələri qərbdən şərqə doğru hərəkət edir. Məsələn, Sakit okeandan Amerika qitəsinə doğru irəliləyir.
Ancaq bu hərəkətin qurşaqları tədricən dəyişir və əgər hava kütlələri əvvəllər qərbdən şərqə doğru, hazırda isə meridian boyunca hərəkət edir. Sakit okeandan isti, rütubətli hava şimala qədər nüfuz edir və əksinə, qütbdən gələn soyuq hava cənuba doğru irəliləyir, isti hava kütlələri ilə toqquşur. Bu da leysan yağışların yağmasına səbəb olur.
Bu istilik və leysan yağışlar – hansı ki, bizdə də müşahidə olunur – meridianal proseslərin təzahürüdür”.
Mütəxəssisin fikrincə, hava dəyişkənliyi, yaxud havadakı tərəddüdlər, dalğalanmalar iqlim epoxalarının dəyişməsi və hava kütlələrinin hərəkəti ilə əlaqəlidir. Bir epoxa 25-30 il davam edir.
“Təəssüf ki, bu və ya digər iqlim epoxasının nə qədər davam edəcəyini söyləmək üçün bizim məlumatımız yoxdur”, – deyən Tatyana Pozdnyakova əlavə edib ki, meteoroloji müşahidələrin tarixi cəmi 170 ildir. Planetimiz daha çox-çox daha qədimdir:
“Biz hətta iqlim dövrlərinin dəyişilməsinin nə ilə bağlı olduğunu da bilmirik – bu, astronomik faktorlarla və Yerin cazibə sahəsindəki dəyişikliklərlə bağlı ola bilər. Bundan əlavə antropogen amil də var – insanın fəaliyyəti bu epoxanın tezliyini dəyişdirə, onu daha parlaq və ya daha uzunmüddətli hala gətirə bilər.
Buna görə də meridianal proseslər epoxasının nə qədər davam edəcəyini söyləmək hələlik mümkün deyil”.