ABŞ Rusiya ilə 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Raketləri Anlaşmasından (İNF) rəsmən çıxır.
Teleqraf.com xatırladır ki, sözügedən müqavilə SSRİ-nin sonuncu prezidenti Mixail Qarbaçovla ABŞ dövlət başçısı Ronald Reyqan arasında imzalanmışdı.
Razılaşma 500-5500 kilometr arasında olan və qurudan havaya atıla bilən orta mənzilli nüvə ballistik raketlərin qadağan edilməsini nəzərdə tuturdu.
Bu ilin əvvəlində ABŞ Rusiyanı yeni model raketlər hazırlamaqda ittiham edərək müqaviləni şübhə altına aldı. Kreml isə NATO-nun dəstəklədiyi ABŞ-ın iddialarının doğru olmadığını bəyan etdi. ABŞ əlində Rusiyanın 9M729 raketinə dair kəşfiyyat informasiyası olduğunu açıqladı.
ABŞ Prezident Donald Tramp bu ilin fevralında avqustun 2-nə qədər müqavilənin şərtlərinə dönməklə bağlı Rusiyaya çağırış etdi. Bu gün həmin tarix artıq tamam olur.
Rusiya lideri Vladimir Putin ABŞ-ın məlum cəhdindən sonra razılaşmanı şübhə altına almalı oldu. BMT-nin Baş katibi müqaviləni nəzərdə tutaraq bəyan etdi ki, çox əhəmiyyətli bir mexanizm itirilə bilər.
Mütəxəssislər bu tarixi razılaşmanın pozulması ilə ABŞ, Rusiya və Çin arasında yeni silah yarışının başlanacağından narahatlığını dilə gətirirlər. Rusiyanın hərbi analitiki Pavel Felqenqaye bildirir ki, bundan sonra yeni silahların istehsalı qaçılmaz olacaq. Onun fikrincə, Rusiya yeni situasiyaya hazırdır.
Düzdür, 1987-ci il müqaviləsi dənizdən atılan raketləri əhatə etmirdi, amma nüvə müharibəsi təhdidini ortadan qaldırmağa hədəflənən razılaşma idi və bu çərçivədə 2691 raket məhv edilmişdi. Həmçinin bu anlaşma nüvə başlığı daşıyan raketlərin son 30 ildə Avropadan kənarda tutulmasını təmin etmişdi.
1987-ci il müqaviləsi əslində “Soyuq müharibə”nin son illərində iki supergücün nüvə təhdidini azaltmağı hədəfləyən prosesin üç ayaqlı mərhələnin bir parçası idi. Bu prosesin məntiqi davamı olaraq 1991-ci ildə Strateji Nüvə Silahlarının Azaldılmasına dair Razılaşma əldə edilmişdi. Prosesin davamı kosmosdakı silahlar mövzusunda müzakirələr idi.
Bu gün sözügedən müqavilə tarix olur. Yeni silahlanma yarışının başlayacağı təqdirdə ABŞ nüvə başlığı daşıyan raketlərini Rusiyanın sərhədləri boyunca yerləşdirmək imkanını qazanacaq.