İkinci Dünya Müharibəsi ərəfəsində - 1939-cu ildə Parisdə yaşayan 23 yaşlı Madam de Florian mənzilini tərk etmək məcburiyyətində qaldı. Alman ordusunun Parisə yaxınlaşdığı vaxt evin qapısına kilid vuraraq Parisdən getdi. Lakin geridə qoyduğu mənzil və içindəki əşyalar 80 il əl vurulmadan onu gözləyəcəkdi.
Teleqraf.com xəbər verir ki, uzun illər evə qayıda bilməyən qadın içində yaşamasa belə evin kirayə pulunu vaxtında göndərməyə davam edib.
2010-cu ildə 91 yaşında vəfat edən Florian 1939-cu ildən sonra bir dəfə də olsun bu evə gələ bilməyib. Madam de Florianın yaxınları Parisdəki bu evdən onun ölümündən sonra xəbər tutub.
Ölümdən dərhal sonra Parisdəki bir hərrac şirkəti ilə anlaşıb evdəki əşyaları satmaq qərarı verilib. Beləliklə, Madam de Florianın qohumlarından vəkalət alan hərrac evinin nümayəndəsi Oliviyer Şopen-Janvri 80 ildir qapısı açılmayan mənzilə yollanır.
Qapı açılanda şoka girirlər, 80 ildə mənzilə əl dəyməmişdi. Müharibədə işğal edilən Parisin mərkəzində yerləşən ev “zaman maşını” kimi içəri girəni 80 il əvvələ götürür. Toz və hörümçək torunun cənginə aldığı mənzildə diqqət çəkən ilk şey 1900-cü illərin əvvəllərinə aid mebellər və köhnə qab-qacaq dəstləri olur.
Mənzildə kağızlara bükülmüş tablolar vardı. Yataq otağında bir makiyaj masası, üzərində o dönəmə aid makiyaj ləvazimatları, fırçalar və istifadə edilməmiş ətir şüşələri vardı. Mənzilin bir başqa köşəsində isə İkinci Dünya Müharibəsindən əvvəl uşaqların ən böyük əyləncələrindən biri olan “Miki Maus” və “Donuz Porki” oyuncaqları özünə yer tapmışdı.
Ən diqqət çəkən əşya çəhrayı rəngli libas geyinmiş qadının əks olunduğu tablo idi. Sonradan bu tablonun 23 yaşında evi tərk etməyə məcbur olmuş Madam de Florianın nənəsi Marta de Floriana məxsus olduğu bəlli olub. Əsərin müəllifinin isə Gözəl Dönəmin (Belle Epoque) məşhur simalarından olan Covanni Baldini olduğu üzə çıxıb. Baldini bu rəsmi 1888-ci ildə çəkib.
Hər kəs Marta de Florianın Covanni Baldiniyə modellik etdiyini düşünür. Lakin məsələ göründüyü kimi deyil, tablo çəkilən vaxt 24 yaşında olan Marta rəssam Covanni Baldini ilə sevgiliymiş. Daha sonra bu tablo çıxarılan hərracda 3.4 milyon dollara satılıb.
Madam de Florianın 1939-cu ildə tərk etdiyi və ölən günədək kirayə pulunu ödədiyi bu evə niyə qayıtmamasının sirri açılmır. Lakin dəqiq olan budur ki, keçən 80 ildə bu evə heç kəs girməyib.
Madamın mənzilindən fotoları təqdim edirik: