Qarşımızda 80 min terrorçu və onları himayə edənlər var. Fəratın şərqində əməliyyat həyata keçirilməsə, Türkiyə parçalanar. Bu, Türkiyə üçün ölüm-dirim savaşı, məcburiyyətdir.
Teleqraf.comm xəbər verir ki, bu sözləri Türkiyənin təhlükəsizlik üzrə mütəxəssisi Abdullah Ağar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqində başlanacaq əməliyyatlarla bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə 35 ildir terrorla mübarizə apardığı üçün böyük təcrübəyə malikdir.
Abdullah Ağar hesab edir ki, bu terrorçu qruplaşmalar Suriyanı, İraqı parçalayacaq güc tapırsa, əvvəl-axır Türkiyəyə yönələcəklər: “Hazırda demək olar yönəliblər. Qarşıda bizi çox böyük təhdid gözləyir. Özü də təkbaşına olmayacaqlar, Türkiyənin daxilində cərrahi əməliyyatlar edəcəklər”.
Mütəxəssisin fikrincə, Fəratın şərqi bu bölgədə qeyri-sabitlik yaratmaq, İraq, Suriya, İran və Türkiyəni bölmək üçün düşünülmüş əməliyyatdır: “Fəratın şərqindəki PKK məsələsi ölkələri bölmə planıdır. Kimsə başqasını aldatmasın. Qərb İraqda, Suriyadakı kürdlərin, bizim ölkəmizdə kürd qardaşlarımızın arasında ayrı-seçkilik toxumu səpdi. İndi bəhrəsini əldə etmək niyyətindədir.
Birgə yaşamaq iradəsini ortaya qoyan, fərqli etnik qruplar, məzhəb və dinlərə mənsub olan insanları ayırmaq istəyir, bir-birinə düşmən edir, ölkələri parçalayır. Türkiyənin Fəratın şərqində həyata keçirəcəyi əməliyyat bu oyunu pozacaq”.