“Rusiya Qarabağda müharibənin qarşısını almaq və münaqişə zonasında sabit bir status-kvonun qorunması üçün hər şeyi edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu rus politoloq Fyodor Lukyanov deyib.
Rus ekspert Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə mövqeyinin bəlli olduğuna diqqət çəkib:
“Rusiyanın mövqeyi çox sadədir - Rusiya müharibəyə ehtiyac duymur. Rusiya Federasiyası hər şeyi edəcək ki, burada müharibə olmasın və hansısa formada hücum varsa, qarşısını alsın”.
Bununla yanaşı, ekspert hesab edir ki, yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli real görünmür.
Lukyanov habelə təkcə təmas xəttində yox, Ermənistan-Azərbaycan sərhədində baş verən və ölümlə nəticələnən son qarşıdurmalara da münasibət bildirib:
“Belə qarşıdurmalar həmişə olub. Həm bu münaqişədə, həm də digərlərində belə hallar olur və olacaq. İndi sülh prosesinin irəliləməsi üçün heç bir xüsusi perspektiv görmədiyim isə həqiqətdir. Təəssüf ki, bu hadisələr tərəflər arasındakı münasibətlərin xarakterindən irəli gəlir”.