Pakistan mübahisəli Kəşmir bölgəsi ilə bağlı Hindistanla davam edən gərginlik fonunda sərhədə hərbi texnika yerləşdirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “ANI” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Bazar günü Pakistan Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd S-130 nəqliyyat təyyarəsi tarixi Ladax bölgəsi yaxınlığında (Hindistana məxsusdur-red.) yerləşən “Skard” hərbi bazasına hərbi texnika göndərib. Hindistan rəhbərliyi Pakistan hərbçilərinin sərhəd bölgələrindəki hərəkətlərini diqqətlə izləyir”, – deyə agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, bazaya təslim edilən silahlar sonradan Pakistan Hərbi-Hava Qüvvələrinin zərbələrini dəstəkləmək üçün istifadə edilə bilər. Mənbə güman edir ki, İslamabadın növbəti addımı “Skard” bazasına “Çendu-FC-1 Syaolun” qırıcı-bombardmançılarının yerləşdirilməsi olacaq.