“Gürcüstan hakimiyyəti rus turistlərin ölkəmizə gəlməkdən imtinasını ciddiyə almır, bunun bizə böyük zərər verdiyi isə göz qabağındadır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin keçmiş sədri, müxalifətdə olan Demokrat Hərəkatın lideri Nino Burcanadze deyib.
Eks-spiker Rusiyadan gələn turist axınının zəifləməsindən dəyən ziyanın gizlədildiyini və bu ziyanın 10 dəfə çox olduğunu bildirib:
“Mənə görə, 60 milyon dollar çox aşağı rəqəmdir. Bütün mütəxəssislər bu zərərin təxminən 10 dəfədən çox olduğunu gördü, bu zərərin həcmi təxminən 700 milyon dollardır”.
Burcanadze Gürcüstan və Rusiya arasında təyyarə reyslərinin dayandırılmasının larinin məzənnəsində tarixi dəyər itkisinə yol açdığını bildirib.
Daha əvvəl, Gürcüstan Baş naziri Mamuka Baxtadze rus turistlərinin sayının azalmasına görə dövlət turizm sektorunun itkilərindən danışıb. İyul ayının rəsmi hesabatında zərərin təxminən 60 milyon dollar olduğu açıqlanıb.
Əlavə edək ki, rəsmi Moskva Tiflisdə Rusiya əleyhinə kütləvi nümayişlərin keçirilməsi səbəbindən iyul ayının 9-dan Gürcüstana təyyarə reyslərini dayandırıb. Üstəlik, Rusiya vətəndaşlarına müraciət edən hökumət Gürcüstana getməməyə çağırıb.