Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı açılmış cinayət işi üzrə daha iki ittiham irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Sergey Slesarev məlumat verib.
Vəkil qeyd edib ki, bununla Almazbek Atambayevə qarşı irəli sürülmüş ittihamların sayı 10-a çatıb:
“Ona korrupsiya ittihamı ilə bağlı daha iki bildiriş göndərilib. Hər iki məsələ Koy-Daş kəndində torpaq almaqla əlaqədardır”.
Bir neçə gün əvvəl Baş Prokurorluq keçmiş prezident Almazbek Atambayevə kütləvi iğtişaşların təşkili, qətl, öldürməyə cəhd, girov götürmə və dövlət məmuruna qarşı zorakılıq kimi ittihamların irəli sürüldüyünü açıqlamışdı.
Qırğızıstan xüsusi xidmət orqanlarının yaydığı məlumatda isə keçmiş dövlət başçısı çevriliş hazırlamaqda ittiham olunur.
Müvafiq ittihamlar üzrə saxlanılan Almazbek Atambayev ömürlük həbs cəzası ilə üzləşə bilər.