ABŞ Prezidenti Donald Tramp təhlükəsizliklə bağlı özünə ən yaxın müşavirləri toplayaraq Taliban təşkilatı ilə razılaşmanın perspektivlərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, görüşə vitse-prezidenti Maykl Pens, dövlət katibi Maykl Pompeo, Pentaqon rəhbəri Mark Esper və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton qatılıb.
Görüş barədə ictimaiyyətə açıqlama verən Ağ Evin mətbuat katibi Hoqan Gidli deyib:
“Müzakirələr danışıqların davam etdirilməsi və Talibanla yekun sülh sazişinin bağlanmasına yönəldilib. Əfqanıstan hökuməti və Ağ Ev arasında məsləhətləşmələr davam edir”.
Görüşdən sonra Pompeonun verdiyi açıqlamaya görə, Birləşmiş Ştatlar atəşkəsə səbəb olacaq hərtərəfli sülh sazişi əldə etmək əzmindədir.
Bundan əlavə bildirilib ki, Əfqanıstan ərazisi artıq ABŞ və müttəfiqlərini təhdid etmək üçün istifadə edilməməlidir.