Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, X.C. şərti adı ilə mətbuata müsahibə verən yezidi qız zorla ərə veriləcəyi ərəfədə əsirlikdən qaçaraq canını qurtarıb.
“Evdən qaçıb Lovaya çatdıq. Lovada qabağımızı kəsdilər və evinizə girin dedilər. Şengal bölgəsinə qayıtdıq. Kişiləri və qadınları ayırdılar. Kişiləri başqa evə apardılar, qadınları isə ayrıca evə gətirdilər. Axşam isə gəlib gözəl qızların hamısını apardılar,” - deyə yezidi qız qeyd edib.
Onun sözlərinə görə, bir gecə Şengalda saxlanılıblar və ertəsi gün Badoş həbsxanasına aparılıblar:
“Düz yeddi gün Badoş zindanında qaldıq. Şərait çox acınacaqlı, yemək, su az idi. Sonra bizim olduğumuz yerləri qırıcı təyyarələr bombalamağa başladı. Onlar da qorxuya düşüb, bizi Telafərə qaçırdılar”.
Telafərdən Mosula, oradan təkrar bu bölgəyə qaytarılan girov qızları yaşlarına görə bölməyə başlayıblar:
“Oğlan uşaqlarını da qrup şəklində ayırıb aparırdılar. Doqquz yaşında qız uşaqlarını da apardılar. Bizi Mosulda 14 otaqlı bir yerə gətirdilər. Burada da yenə gözəl qadınları seçib apardılar. Gənc qadınları qruplar tək-tək alırdılar və biz iki nəfər qaldıq”.
Yezidi qız onun zorla evləndirilməsini nəql edib:
“Şengalda iki gecə saxlandıq və üçüncü gecə qaçdıq. Bizi ayrı-ayrı evlərə aparmışdılar. Bunu bizi ərə vermək üçün edirdilər. İŞİD öz girovları arasında yaşlılara zorla namaz qıldırır, uşaqlara isə Quran və silahı öyrədir. Qadınların və uşaqların çoxu bazarlarda satılır. Bir hissəsi isə tək-tək evlərdə saxlanır. Onlar evlilik adı altında İŞİD üzvləri tərəfindən təcavüzlə üzləşir. Məni də Şengala bunun üçün gətirmişdilər, amma qaçdım. Onlar hər yerdə bu təcavüzü, vəhşəti həyata keçirirlər”.