Terrorla mübarizə mövzusunda dəftərlər açılsa, bir çox şəxslər adam arasına çıxa bilməzlər. Mən bunu açıq deyirəm. Niyə? Gəlin yaddaşımızı yoxlayaq. Bir gün Türkiyə Cümhuriyyətinin tarixi yazılsa, ən kritik dönəm 7 iyun-1 noyabr arasındakı dövr olacaq. Baş nazirlik səlahiyyətini aldığım zaman bunu izah etmək məcburiyyətində idim. Bu səbəbdən 6-8 oktyabr hadisələri oldu. Bu hadisələr əsnasında həll mərhələsi adı altında Türkiyənin ictimai asayişinin necə məhv edildiyini görmək imkanı əldə etdik.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin sabiq baş naziri, hazırda yeni partiya quruculuğuna başlayan və AKP-yə qarşı sərt açıqlamaları ilə diqqət mərkəzinə gələn Əhməd Davudoğlu çıxış edib.
Davudoğlu mesaj verib ki, indi onu tənqid edənlərin çoxu zamanında terrorla mübarizə mövzusunda fərqli mövqe tutub.
HDP-nin bəzi bələdiyyə sədrlərinin vəzifələrdən götürülməsinə toxunan sabiq baş nazir hökumətin bu addımını ciddi tənqid edib: “Bir ölkədə seçki keçirilir, ortaya seçki qutusu qoyulursa, millətin iradəsinə söykənən nəticə ortaya çıxırsa, buna sayğı göstərmək lazımdır. Bizim milli iradə anlayışımız budur. Bu davranışla terrora dəstəyə əsla sayğı göstərilmir.
Terrora dəstək verənlər ən sərt formada cəzalandırılmalıdır. Seçkidən əvvəl cəza alsaydılar Yüksək Seçki Qurumu addım ata bilərdi.
Amma seçildikdən sonra cinayət ediblərsə, əvvəl məhkəməyə aparılmalı idilər. Məhkəmə onlara cəza verdikdən sonra bələdiyyə sədrlərinin səlahiyyətlərinə xitam verilə bilərdi. Bu gündə bələdiyyə sədri postundan çıxarılan və vali ilə əvəzlənən həmin şəxslər haqqında cinayət işi açılmayıb. Əgər günahları varsa dərhal cəzalandırılmalıdır”.
İstanbulda təkrar bələdiyyə seçkilərinin keçirilməsi haqqında qərarın hakim AKP-yə ciddi zərər verdiyini dilə gətirən Davudoğlu əlavə edib ki, bu gün danışırlarsa deməli, buna ehtiyac var: “Biz bir ümid küləyi əsdirməyə, gələcəyi inşa etməyə gəlirik. Bu millətin üzərinə çökən qarmaqarışıq buludları dağıtmaq üçün gəlirik”.