Avropa Ittifaqı oktyabr ayında Ukraynaya 760 milyon avro ayıra bilər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bəyan edib.
“600 milyon avro artıq ayrılıb. İqtisadiyyat və korrupsiya ilə mübarizə sahəsində islahatlar həyata keçirildiyi təqdirdə, daha 760 milyon avro oktyabr ayında ayrıla bilər”, - deyə Barrozu bildirib.
Avqustda Barrozu Avropa İttifaqının Ukraynaya daha 1 milyard avro ayırmasının mümkünlüyündən danışmışdı. Bundan əlavə Avropa İttifaqı ilin sonunadək Ukraynaya 510 milyonluq kredit və 250 milyonluq qrant ayıracaq.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Ukraynaya səfər edib. Səfər çərçivəsində J. Barrozu Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.