İsrail hökuməti baş tuta biləcək Ruhani-Tramp görüşündən narahatdır.
Teleqraf.com xəbər verir ki, İsrailin sabiq baş naziri Ehud Barak hazırkı baş nazir Netanyahuya xəbərdarlıq edib.
Məlumata görə, Donald Trampın G7 zirvə görüşündən sonra İran Prezidenti Həsən Ruhani ilə görüşə açıq olduğunu bildirməsi İsraildə ciddi narahatlığın əsasını qoyub. Bundan əvvəl Şimali Koreyaya ciddi sanksiyalar tətbiq edən, daha sonra sürpriz formada Pxenyan lideri Kim Çen İnnlə görüşən Trampın son bəyanatı İsraildə zəlzələ effekti yaradıb.
İsrailin Kanal13 televiziyasının xəbərinə görə, Netanyahunun üç naziri və iki yüksək çinli rəsmisi Vaşinqtonla Tehran arasında nüvə görüşlərinin yenidən başlaması ehtimalının buna qədər bir neçə dəfə İsrail Milli Təhlükəsizlik Şurasında gündəmə gəldiyini deyib. Xəbərdə İsrail hakimiyyətinin Tramp-Ruhani görüşməsinin “qısa müddət” içərisində baş tuta biləcəyi, bundan sonra ABŞ administrasiyasının İran üzərindəki təzyiqlərini dayandıra biləcəyi narahatlığı diqqətə alınıb.
Televiziya kanalının xəbərində İsrailin yüksək çinli dövlət rəsmisinin “İranın bu ana qədər Trampın bütün görüş və müzakirə təkliflərini rədd etməsinə görə biz çox şanslıyıq” ifadəsi işlətdiyini iddia edib.