ABŞ Prezidenti Donald Tramp ordunun tabeliyində Kosmik Qüvvələr Komandanlığının qurulduğunu bəyan edib.
Teleqraf.com-un məlumatına görə, jurnalistlər üçün brifinq keçirən ABŞ prezidenti deyib ki, komandanlıq ABŞ maraqlarına kosmosda edilən hücumların qarşısını alacaq.
Donald Tramp qeyd edib ki, ölkəyə daimi təhdidlər var: “Biz buna qarşı addım atmalıyıq. Məqsəd dünya orbitində olan və ABŞ üçün strateji əhəmiyyət kəsb edən peyklərin qorunmasıdır”.
Kosmik Qüvvələr Komandanlığının fəaliyyəti üçün Konqresin Trampın qərarını təsdiqləməsi lazımdır.
Kosmik Qüvvələr Komandanlığının ilk komandanı general Con Villiam Raymond olacaq. Buna qədər general ABŞ Hərbi Hava Qüvvələrində kosmos fəaliyyəti istiqamətinə rəhbərlik edib.
Qeyd edək ki, Prezident Tramp ötən il Kosmos Qüvvələr Komandanlığının yaradılması haqqında danışanda ABŞ-da çoxları bunu zarafat hesab etmişdi.