Bu ilin səkkiz ayında Çernobıl zonasına gələnlərin sayı rekorda çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” məlumat yayıb. Belə ki, bu müddətdə qoruğu 74 671 nəfər ziyarət edib, onlardan 14 416 nəfəri avqust ayında gəlib. Tərk edilmiş zonaya turistlərin əksəriyyəti Ukraynadan, eləcə də Böyük Britaniya və Polşadan gəlir.
Qoruq idarəsində turist axınının artmasını HBO telekanalında “Çernobıl” serialının yayımlanması, Ukrayna turizm agentlikləri tərəfindən yeni marşrutların formalaşdırılması və zonaya daxil olma prosedurunun sadələşdirilməsi ilə əlaqələndiriblər.
“Ancaq xatırlatmaq lazımdır ki, bura əyləncə parkı deyil. Xüsusi təhlükəsizlik qaydalarına riayət edilməsi lazım olan bir ərazidir”, – deyə qoruq idarəsi direktorunun köməkçisi Kirill Qarnik bildirib.
İyulun 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl zonasında olma qaydasını dəyişdirən fərman imzalayıb. Fərmana əsasən, Çernobıl zonası turistlər üçün açıq olacaq və çəkiliş qadağası aradan qaldırılacaq. Bu ərazidə iqtisadi layihələrin inkişafı da planlaşdırılır.