İsrail Baş naziri Binyamin Netanyahu İran Prezidenti Həsən Ruhaninin nüvə sazişi ilə bağlı açıqlamasından sonra rəsmi Tehrana təzyiqləri artırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı İranın nüvə silahı əldə etməsi barədə məxfi məlumat aldıqlarını bildirib:
“Bu gün səhər bizə daha bir qanun pozuntusu, bu dəfə də İranın nüvə silahı əldə etmək istəməsi barədə məlumat verildi. Bu, İranın beynəlxalq gəmilərə və bölgədəki ölkələrə qarşı təcavüzkar hərəkətləri, eləcə də İsrail dövlətinə hücum cəhdlərinə əlavə olundu”.
Baş nazir İranla danışıqları davam etməyin mümkün olmadığına diqqət çəkib: “İndi İranla danışıqların vaxtı deyil. İndi İrana təzyiqləri artırmağın vaxtıdır”.
İsrail hökumətinin başçısı bu məsələni Londonda İngiltərənin Baş naziri Boris Conson və ABŞ müdafiə naziri Mark Esperlə müzakirə edəcəyini də söyləyib.
Bundan əvvəl İran Prezidenti Həsən Ruhani bildirmişdi ki, Tehran nüvə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsi çərçivəsində nüvə sazişinin müddəalarına əməl etməkdən imtina edib.