6 Sentyabr 2019 13:18
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taşir” şirkətlər qrupunun sahibi, erməni milyarder Karen Karapetyanın başçılığı ilə Moskvada bir sıra erməni mənşəli iş adamlarının iştirakı ilə Ermənistan Sahibkarlar Birliyi adlı təşkilat yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Assosiasiya Moskvada qeydiyyata alınıb və Ermənistanın sabiq baş naziri Karen Karapetyan birliyin prezidenti seçilib.

Birliyin təsisçiləri arasında Karapetyanla yanaşı, onun nəzarətində olan “Fora Bank”ın prezidenti Hayk İqnatyan, “Comedy Club”un təsisçisi Artur Janibekyan, “Taşir” şirkətlər qrupunun birinci vitse-prezidenti Varuzxan Artenyan, “Luding” şərab müəssisəsinin həmtəsisçisi Armen Şahazizyan və başqaları var.

Əlavə edək ki, Rusiyada fəaliyyət göstərən Karen Karapetyan İrəvandan Moskvaya bir müddət əvvəl qayıdıb. O, İrəvanda olarkən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan və keçmiş hakimiyyətin nümayəndələri ilə görüşüb.

Karapetyanın bu görüşləri Ermənistanın mövcud hakimiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Kremlə yaxınlığı ilə seçilən Karapetyanın son dönəmlərdəki bu fəallığı Baş nazir Nikol Paşinyanın başçılığındakı iqtidara qarşı yeni siyasi partiyanın qurulması iddialarına yol açıb.

Həbsdə olan sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Qarabağ klanı”nın da dəstək verdiyi bu siyasi hərəkatın payızda genişmiqyaslı mitinqlərə başlayacağı xəbərləri yayılıb.

“Qarabağ klanı”na yaxınlığı ilə seçilən media qurumlarının “Erməni payızı” adlandırdıqları proses artıq Paşinyan iqtidarını da narahat etməyə başlayıb. Yayılan xəbərlərə münasibət bildirən Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan ölkədə xaosa səbəb olacaq davranışlara imkan verməyəcəklərini bildirib.

Karapetyanın liderliyində Moskvada yeni ittifaqın qurulması isə Paşinyan iqtidarına qarşı gizli qiyamın hazırlanması iddiasını yenidən gündəmə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər