Ermənistanın Baş naziri Nikol Paşinyan radikal millətçi və silahlı Sasna Çrer partiyasının lideri Jirayr Səfilyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, Paşinyanın ölkə daxilində terror təşkilatı kimi tanınan partiyanın lideri ilə görüşünün detalları gizli saxlanılır.
Görüşlə bağlı yerli mediada yayılan xəbərləri Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan da təsdiqləyib: “Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edildi. Bu haqda əlavə məlumat olmayacaq”.
Ermənistan lideri ilə görüşün bəzi təfərrüatlarını isə Jirayr Səfilyan açıqlayıb:
“Biz əvvəlki rejimdən (Köçəryan-Sərkisyan) qalan problemləri də müzakirə etdik. Gördüyümüz təhlükələr barədə hesabat verməyimiz vacibdir və bunu davam etdirəcəyik. Əvvəlki rejimin qisas almağa hazırlaşdığı hamıya bəllidir. Buna imkan verməməyə çalışacağıq”.
Əlavə edək ki, Sasna Çrer Partiyası 2016-cı ilin iyulunda çevriliş etməyə cəhd göstərən eyni adlı silahlı qrupun bazasında yaradılıb. Radikallar dönəmin Serj Sərkisyan hakimiyyətini devirməyə cəhd etsə də, buna nail ola bilməyiblər.
Qruplaşma üzvləri cinayət məsuliyyətinə cəlb edilib, lakin bir çoxları 2018-ci ilin yazında Ermənistanda hakimiyyət dəyişikliyi və Paşinyanın hakimiyyətə gəlişindən sonra həbsdən azad edilib.