Bu gün Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Xorvatiya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndələri arasında görüş baş tutub..
Teleqraf.com xəbər verir ki, Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yaqub Mahmudov qonaqları dəvəti qəbul edib ölkəmizə səfər etdiklərinə görə təşəkkürünü bildirib.
Görüşdə qeyd edilib ki, Azərbaycan və Xorvatiya oxşar tarixi keçmişə malikdir. Xalqlarımız azadlıq uğrunda mürəkkəb yol keçiblər. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. İqtisadi, sənaye, kənd təsərrüfatı, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Xorvatiya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk səmimi görüşə görə minnətdarlığını ifadə edib, qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.
Bildirilib ki, ölkələrimiz arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Xorvatiya Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir.