Tarixin ən böyük böhranını yaşayan Suriya ilə bağlı ilginc iddia beynəlxalq ictimaiyyətin gündəminə bomba kimi düşüb. 8 il əvvəl başlayan müharibənin davam etdiyi vaxt Avropa İttifaqına (Aİ) üzv olan Macarıstanın bir müddətdir Suriya ilə diplomatik münasibətləri inkişaf etdirmək üçün gizli iş apardığı ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, “Wall Street Journal” Macarıstanın Suriyada diplomatik nümayəndəlik açmaq üçün rəsmi Dəməşqlə danışıqlar apardığını yazıb.
Bəşər Əsəd rejimi ilə məsafə saxlayan Avropa dövlətlərini qəzəbləndirmiş bu gəlişmə ilə bağlı iddianı Brüssel və Beyrutdakı diplomatlar ortaya atıb. Bir sıra Aİ üzvləri Suriya ilə əlaqələrə həssas yanaşdığı vaxtda Macarıstan Suriyada nümayəndəlik açsa, bu, bir ilk olacaq. Bura qədər Aİ üzvləri arasında Suriyada ancaq Çexiyanın diplomatik nümayəndəliyi var.
Macarıstan hökuməti məsələ ilə əlaqədar açıqlama verməyib. Baş nazir Viktor Orbanın Suriyadakı xristian icmalarının rəhbərləri ilə görüş planlaşdırıldığı bildirildiyi bir vaxtda, Macarıstanın bu ölkədə yaşayan xristianlara yardım edəcəyi də diqqətə çatdırılıb.
Brüsseldən Orban hökumətinin bu qərarına “Budapeştin milli idman növü Brüsseli qəzəbləndirməkdir”, açıqlaması verilib.
Müharibənin başlamasından sonra Çexiya Suriyadakı səfirini geri çağırmadığı halda, digər Aİ üzvü Rumıniya bu ölkədəki səfirini öz fəaliyyətini davam etdirmək üçün Livana (Beyrut) göndərib. Bolqarıstanın da Suriya ilə münasibətləri nəzəri xarakter daşıyır.
Macarıstan Suriyada səfirlik açsa, bu, tarixdə bir ilk olacaq və Aİ daxilində çat yarada biləcək.