Elm adamları 66 milyon il əvvəl dinozavrlar və canlıların 75%-ni yox edən nəhəng meteoritin Yerə çırpılmasının izlərini özündə saxlayan qayalıqlarda axtarışa başlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Texas Universitetinin başçılıq etdiyi heyət Meksika körfəzinin dərinliyindən çıxarılan 130 metr uzunluğunda bir qaya parçasını araşdırır.
66 milyon il əvvəl Yer kürəsində həyata son qoyan meteorit Meksikanın Yukatan yarımadasına çırpılıb və burada diametri 200 km olan bir kraterin yaranmasına səbəb olub.
Toqquşmanın nəhəng sunami və planetin böyük bir hissəsini əhatə edən yanğınlara səbəb olduğu da bildirilir.
Dünyada həyatı dəyişdirən meteorit
12 km ölçüsündə bir meteorit Yer kürəsinə çırpılıb diametri 100 km, dərinliyi isə 30 km olan bir çuxur əmələ gətirdi. Sonradan bu çuxurun kənarlarının çökməsi ilə kraterin diametri 200 km-ə çatdı. Kraterin mərkəzinin geri çəkilməsi ilə təkrar çökmə baş verərək, daxili bir halqa ortaya çıxdı.
Bu gün kraterin böyük hissəsi körfəz sahillərinə yaxındır, 600 metrlik çöküntünün altında qalıb. Kraterin quruda qalan hissəsinin səthi isə əhəng daşları altındadır, amma kənarlarında baş verən çökmənin əmələ gətirdiyi əyri krater açıq formada görünür.
130 metrlik qaya parçası
İngilis və amerikalı araşdırmaçılar 2016-cı ildə bu kraterdə həftələrlə qazma işləri apardı. Araşdırmaçılar Çiksulub limanı sahillərində bu günə qədər ən yaxşı formada qalmış və 66 milyon il əvvələ aid bir qaya parçası çıxardı.
Bunun 130 metrlik qismi geoloqların Kaynazoy dövrü (Məməlilər dövrü) adlandırdığı eranın erkən dönəmlərindən qalıb.
Dənizin geri çəkilməsi
Alimlər bu qaya parçasından əldə etdikləri dəlillər əsasında meteoritin Yerə çırpılmasından sonra baş verənləri öyrənəcəklərini bildirir.
130 metrlik hissənin aşağı 20 metrində şüşəli qalıntılar var. Bu hissə çırpılmanın baş verdiyi saniyə və ya dəqiqələrdə kraterin dibinə yayılmış və çırpılmadan sonra ortaya çıxan istilik və təzyiq nəticəsində ərimiş qayadan əmələ gəlib.
Bunun üstündəki hissə isə ərimiş qaya parçalarından ibarətdir. Bu, çırpılmadan sonra yaranan partlamada qaynar maddənin üzərinə dəniz suyunun sıçraması ilə əmələ gələn hissədir.
Çırpılma vaxtı bölgədəki dayaz dəniz suyunun əvvəlcə geri çəkildiyi, sonra geri qayıdarkən qaynar maddələrə toxunaraq şiddətli reaksiya yaratdığı ehtimal olunur. Eynilə vulkan püskürərkən maqmanın dəniz suyuna qarşıması nəticəsində baş verən reaksiya kimi…
Bu mərhələ bir neçə dəqiqə və bir neçə saata qədər davam edə bilər. Lakin suyun geri qayıtması ilə krater dolduğu üçün qaya parçasının üstündəki 80-90 metrlik hissə suyla gələn qalıntılar və bundan sonra yağış damcılarının əmələ gətirdiyi dəliklərlə zəngindir. Bu proses çırpılmanı müşayiət edən bir neçə saatı əhatə edir.
Sunami izləri
Qaya parçasının ən üst təbəqəsində isə çırpılmadan sonra baş verən sunaminin açdığı izlər yer alır.
Elm adamları çırpılmanın nəhəng dalğalar yaratdığı və bu dalğaların kraterdən yüzlərlə km məsafəyə çatdığına inanır. Quruya doğru yayılan dalğalar geri çəkilərkən özləri ilə çöküntülər gətirib. Qaya parçasının ən üst təbəqəsini də bu çöküntülər təşkil edir.
Texas Universitetinin professoru Sean Qulik bu prosesin çırpılmanın ilk gününə təsadüf etdiyini söyləyir: “Sunami sürətlə hərəkət edir. Dalğaların çölə doğru yayılması və geri çəkilməsi üçün 24 saat yaxşı bir vaxtdır”.
Professor Qulikin heyəti çırpılma səbəbindən əmələ gələn sunami məsələsindəki ehtimallara inanır. Üst təbəqədə çöküntü və çırpılmanın təsiri nəticəsində baş verən yanğından qalma kömürlə zəngindir. Bu qalıqlar geri qayıdan dalğalarla kraterə daşınıb.
Atmosferə yayılan sulfid
Ən maraqlısı budur ki, 130 metrlik qaya parçasında sulfidə rast gəlinməyib. Halbuki meteorit təxminən yarısı sulfidlə (kükürd) zəngin minerallardan ibarət dəniz dabanına da çırpılmalı idi. Bu sulfidin çırpılma vaxtı kənara atıldığı və ya buxarlanaraq yox olması ehtimal olunur. Bu isə həmin vaxt dinozavrların məhv olması ilə bağlı yayılmış nəzəriyyələri təsdiq edir. Suya qarışan və atmosferin yuxarı təbəqələrinə çəkilən bu həcmdə sulfidin iqlimin soyumasına səbəb olduğu və heyvanların yaşamasını çətinləşdirdiyi iddia olunur.
Professor Qulikə görə, 100 giqaton (milyard ton) sulfidin atmosferə yayılması temperaturun 25 santiqrad aşağı düşməsinə səbəb olur və bu proses ən azı 15 il davam edir. Bu da dünyanın bir çox bölgəsində istiliyin donma nöqtəsindən də aşağı düşməsi deməkdir.
Qulik meteoritin Yer kürəsində çırpılmasından sonra 325 giqaton sulfidin atmosferə yayıldığını deyir. Bu səbəbdən uzun illər intensiv formada sərtləşən bu iqlim dəyişikliyi isə dinozavrların həyatına son qoydu, məməlilər bu fəlakətli dönəmdən sağ çıxa bildi.
Mənsur Rəğbətoğlu