18 Sentyabr 12:33
891

Qlobal Hazırlıq Monitorinq Şurası 1918-ci ildə yayılan “ispan soyuqdəyməsi”nə bənzər bir virusun təkrarlanacağı halda milyonlarla insanın ölüm təhlükəsi ilə üz-üzə qalacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şuranın “Dünya risk altında” adlı hesabatında 100 il əvvəl 50 milyon insanın həyatına son qoyan virusun bu dəfə daha çox can ala biləcəyi qeyd edilib.

Sənəddə hər gün milyonlarla insanın təyyarələrlə ayrı-ayrı ölkələrə səfər etməsi xatırladılıb və 1918-ci ildə “ispan soyuqdəyməsi”nin hava vasitəsi ilə 36 saat ərzində bütün dünyaya yayıldığı vurğulanıb.

Hesabata görə, 100 il əvvəlkinə bənzər bir virusun təkrarlanması nəticəsində ölü sayı 80 milyona çata bilər. Bu miqyasda yayılacaq bir virusun dünya iqtisadiyyatının beşdə bir hissəsini yox edə biləcəyi, genişmiqyaslı təxribata yol açacağı və qeyri-sabitlik yaradacağına diqqət çəkilib.

“İspan soyuqdəyməsi”nə ilk dəfə 1918-ci il martın 11-də ABŞ-ın Nyu-Mexiko ştatında rast gəlinib. Virus 1918-ci il sentyabr-noyabr aylarında ən pik həddə yayılıb, Azərbaycanın yerləşdiyi region da daxil olmaqla, dünyanın bütün ölkələrinə təsir edib.

Virusun “ispan soyuqdəyməsi” adlandırılmasının səbəbi isə İspaniyanın Birinci Dünya Müharibəsində iştirak etməməsidir. Senzura səbəbindən digər Avropa dövlətləri bu virusu gizlətdiyi halda, İspaniya mediası bundan danışan ilk ölkə olub.


Müəllif: Mənsur Rəğbətoğlu