Ər-Riyad neft obyektlərinə hücumlarda İranın iştirakına dair sübutlara malikdir.
Bu haqda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki bildirib.
O, mətbuat konfransında bildirib ki, "Saudi Aramco” neft şirkətinin obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə həyata keçirilib. Turki əl-Maliki qeyd edib ki, krallıq agentləri vasitəsilə regionda sabotaj aktlarında İranın iştirakına dair sübutlara malikdir.
“Bizdə sübutları var ki, hücum Yəməndən edilməyib. İran faktları saxtalaşdırmağa çalışdı. “Saudi Aramco”nun obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə edilib”, - o deyib.
Müdafiə Nazirliyinin nümayəndəsinin versiyasına görə, hücumlar zamanı 18 pilotsuz təyyarə və 7 yüksək dəqiqlikli qanadlı raketdən istifadə edilib.
“Dörd qanadlı raketdən Xurays zavoduna hücum üçün istifadə edilib. Onlar 700 kilometr şimaldan cənuba buraxılıb. Daha üç raket öz hədəfinə çatmayıb. Hücum İranın iddia etdiyi kimi Yəməndən həyata keçirilə bilməzdi. Hücumların istiqaməti onu göstərir ki, o Yəməndən olmayıb. Hücuma məruz qalan yerlərdən aşkar edilən bütün fraqmentlər İranı göstərir”, - Turki əl-Maliki vurğulayıb.
O əlavə edib ki, araşdırmanın nəticələri müttəfiqlərlə paylaşılıb.