Yəmənin şimalına nəzarət edən husi qiyamçıları Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əsas şəhərləri olan Dubay və Əbu-Dabiyə zərbə endirməklə hədələyib.
Bu haqda husi generalı Yəhya Saria bildirib.
“Biz ilk dəfə elan edirik ki, BƏƏ-də, həmçinin Dubay və Əbu-Dabidə onlarla obyekt bizim hədəflərimizin siyahısındadır. Onlar istənilən münasib vaxtda hücuma məruz qala bilərlər”, - o deyib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil edilib. Hücumlara görə məsuliyyəti husi qiyamçıları üzərinə götürüb. Səudiyyə Ərəbistanı hücumlarda İranın iştirakına dair sübutlara malik olduqlarını açıqlayıb.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, hücumundan Yəməndən edildiyinə dair heç bir sübut yoxdur. Dövlət katibi hücumlara görə İranı ittiham edib. İranın Xarici İşlər Nazirliyi isə Pompeonun ittihamlarını rədd edib.