22 Sentyabr 2019 17:16
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür davam edən qeyri-sabit hava şəraiti Gürcüstanın paytaxtı Tbilisidə və bəzi bölgələrində problemlər yaradıb. Dağlıq bölgələrə güclü qar yağıb.

Teleqraf.com xəbər verir ki, güclü külək Tbilisi və Rustavi şəhərlərində bir neçə ağacı aşırıb. İki nəfər yüngül xəsarət alıb, avtomobillərə ziyan dəyib, elektrik xətləri qırılıb, bəzi evlərin dam örtüyü dağılıb.

Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinə qəzalarla bağlı 230 müraciət daxil olub. Xidmətin məlumatına görə, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

Gürcüstanın dağlıq bölgələrində güclü qar yağıb. Kazbeki, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisində qarın hündürlüyü 30 santimetrə çatıb. Ən çox qar Quria regionunun Çoxatauri bələdiyyəsinin tərkibinə daxil olan Baxmaro qəsəbəsinə yağıb.

Çoxatauri şəhər merinin verdiyi məlumata əsasən, hazırda Baxmaro qəsəbəsi istiqamətində yollar bağlanıb və texnika vasitəsilə yolun açılması istiqamətində işlər davam etdirilir.

Güclü və aramsız yağışlar Batumidə də ciddi problemlər yaradıb. Bir neçə evin həyətini və zirzəmilərini, ticarət obyektlərini su basıb.

Sinoptiklər qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyini və temperaturun aşağı düşəcəyini bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər