Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Umarjon Emomali Boxtar şəhərində yerləşən Rusiyanın 201-ci hərbi bazasının hərbçilərinə hücumda şübhəli bilinənlər barədə açıqlama verib.
U.Emomalinin sözlərinə görə, cinayətdə Tacikistanın Vaxş rayonunda yaşayan 1998-ci il təvəllüdlü Axliddin Abdulloev şübhəli bilinir.
“201-ci Rusiya hərbi bazasının iki rus hərbçisinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs istintaq altındadır. Cinayət işi Xatlon vilayətinin prokurorluğu tərəfindən araşdırılır. Cinayətin motivi və şəraiti aydınlaşdırılır”, – deyə o bildirib.
Sentyabrın 21-də şəxsi işləri ilə bağlı Boxtar şəhərində olan Rusiyanın 201-ci hərbi bazasının iki hərbçisi ruhi xəstə şəxsin hücumu nəticəsində xəsarət alıb. Hücumda şübhəli bilinən həbs edilib.
Rusiyanın Tacikistandakı səfirliyi situasiyanı izlədiyini bildirib.