Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan hakimiyyətinin Rusiyanın təzyiqi ilə ölkənin NATO və Avropa Birliyinə daxil olmaq kursundan imtina edə biləcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bundan əlavə, Saakaşvili ümumiyyətlə, Gürcüstanın və Rusiyanın bir ölkə ola biləcəyini istisna etməyib. Çünki onun fikrincə, Rusiya rəhbərliyinin planlarına 2024-cü ilə qədər SSRİ-nin bərpası daxildir.
“Putin 2024-cü ilə qədər, növbəti seçkiyədək Sovet İttifaqını bərpa etmək qərarına gəlib və Ukraynanın əsas hissəsini, Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusuı ilhaq etməyi planlaşdırır. Bu, onun planıdır”, – deyə M.Saakaşvili bildirib.
Gürcüstanın keçmiş lideri bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
“İndi Gürcüstan dövlətçiliyinə qarşı çox böyük bir sui-qəsd var. Bu sui-qəsd nədir? Gürcüstan ətrafında baş verənləri sizə deyəcəm. Birincisi, Gürcüstan hökuməti ölkənin neytral statusu ilə bağlı Rusiya rəhbərliyi ilə danışıqlar aparır. Gürcüstanın heç bir zaman NATO və Avropa Birliyinə qoşulmayacağını elan etmək istəyirlər”, – deyə Saakaşvili Rusiya hakimiyyətinin planlarını şərh edib.