9 Oktyabr 2019 11:14
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Suriyanın şimal-şərq bölgələrində hərbi əməliyyatlara başlaması regionda dəyişikliklərə səbəb olacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, türk ordusunun bu həmləsi bölgədə kürd dövlətinin qurulmasının qarşısını alacaq:

“Türkiyənin Suriyada PKK terror təşkilatına bağlı YPG və SDQ-yə qarşı hərbi əməliyyata başlaması regionda dəyişikliklərə gətirəcək. Bununla ilk növbədə kürd dövləti planı fiaskoya uğradı. ABŞ-ın əməliyyat bölgəsindəki kürd silahlı birləşmələrinə yardımı dayandırması YPG-Vaşinqton əlaqələrini qırdı. Zənn etmirəm ki, kürdlər bundan sonra ABŞ-a etibar edəcək.

Beləliklə, Fərat çayının şərq sahillərindəki terror yuvası dağıdılacaq və bundan sonra Türkiyə şimali Suriyanı əlində saxlayacaq.

Əsədin müttəfiqlərinin məsələyə münasibətinə gəlincə, Rusiya Türkiyə ilə isti əlaqələrə görə səssizliyini qoruyur. Amma İran Türkiyənin Suriyada əməliyyata başlamasından narazıdır. Lakin nə Rusiya, nə də İran açıq formada Türkiyəyə etiraz etməyəcək.

ABŞ-ın geri çəkilməsindən sonra İran demək olar ki, pat vəziyyətinə düşəcək. Türkiyə artıq Suriyada əsas söz sahibi olmaq istiqamətində irəliləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu