9 Oktyabr 2019 12:34
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorda dövlət başçısı Lenin Morenonun Beynəlxalq Valyuta Fondu ilə anlaşmasına etiraz olaraq başlayan kütləvi nümayişlər davam edir. Minlərlə etirazçı parlament binasını mühasirəyə alıb, Prezident Morenonun isə paytaxt Kitodan Quaykilə qaçdığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı paytaxtda başlayan mitinqlərin kütləvi hal aldığını əsas gətirərək paytaxtı müvəqqəti olaraq Kiotdan Quaykilə köçürdüyünü elan edib.

Quaykil radikal millətçiliyin və Silahlı Qüvvələrin əsas qalası hesab olunur.

Dövlət başçısının bu qərarından sonra vətəndaşların parlamentin binasını ələ keçirdiyi bildirilib. Polis isə ölkədə hakimiyyətin devrildiyini elan edən radio stansiyasına basqın edib. Ələ keçirilən radio öz fəaliyyətini dayandırıb.

Moreno hökuməti dövlət binaları və strateji müəssisələrin ələ keçirilməsindən sonra ölkədə küçəyə çıxma qadağası elan edib. Əlavə edək ki, hökumət mitinqlərin başlamasıyla Ekvadorda fövqaladə hal elan olunduğunu açıqlamışdı.

Rəsmi açıqlamaya görə, ötən həftədən başlayan etiraz nümayişlərində 600 nəfər həbs olunub. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Nümayişlərdə ən az 3 nəfərin öldüyü bildirilir.

Altı gündür Ekvadorda davam edən nümayişlər səbəbindən Moreno keçmiş həmkarı Rafael Korrea və Venesuela başçısı Nikolas Maduronu ittiham etmişdi. ABŞ Dövlət Departamenti isə bəyanat yayaraq, Ekvador hökumətinə dəstək verib.


Müəllif: Mənsur Rəğbətoğlu