9 Oktyabr 2019 14:23
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) bir əməkdaşı kürd silahlı qruplaşması tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, olay İranın Kürdüstan əyalətinin Banə şəhərində baş verib.

Məlumata görə, silahlı kürdlər ETTELAAT-ın əməkdaşı Əli Səyyadiyə odlu silahdan atəş açıb. Atəş nəticəsində bir neçə güllə yarası alan kəşfiyyatçı hadisə yerində həyatını itirib.

Silahlılar olay yerindən qaça biliblər. Onları tutmaq üçün bölgədə geniş axtarış əməliyyatına başlanıldığı bildirilir.

İran hakimiyyətinə qarşı silahlı mübarizə aparan yerli kürd təşkilat və ya partiyalarından hələlik heç biri hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Əlavə edək ki, bundan əvvəl PKK terror təşkilatının İran qanadı PJAK-la İran hərbi qüvvələri arasında Güney Azərbaycanda baş vermiş qarşıdurmada 3 iranlı hərbçi həlak olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu