9 Oktyabr 2019 15:04
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilabçı hərəkatın əfsanələşmiş adı Ernesto Çe Gevara ölümündən yarım əsr keçməsinə baxmayaraq, hələ də ədalət savaşının ikonasıdır. Fidel Kastro və minlərlə adsız qəhrəmanla Kubada qazandığı inqilabi zəfərdən sonra Boliviya xalqının imperializm və kapitalizmin ağır müstəmləkəsindən xilası üçün aparıdğı mübarizədə öldürülən Çe Gevara həyatını insanların bərabərliyinə həsr etmişdi. Sosializm, bərabərlik, mübarizə, ədalət deyiləndə insanın düşüncəsindən keçən ilk ad Çe Gevaradır.

Teleqraf.com xəbər verir ki, 1967-ci ildə Boliviyada inqilabçılarla hökumət ordusu arasında baş vermiş qeyri-bərabər döyüşdə həlak olan inqilabçının ölümündən 52 il keçir.

Çe Gevaranın əsl adı əslində Ernesto Gevara De La Serna Linçdir. “Linç” soyadı qəribə gələ bilər, amma Çe Gevara əslən irland idi.

Çimməyi sevməməsi və çox vaxt kir-pasaq içində olmasına görə məktəbdə donuz mənasını verən “Çanço” adı verilmişdi. Bir çox insanın düşüncəsinin əksinə olaraq, Çe Gevara kubalı yox, argentinalıdır.

1953-cü ildə tibb təhsilini tamamlayaraq həkim oldu, məşğul olduğu əsas sahə isə cüzam xəstəliyi ilə bağlıydı.

Kubada inqilabdan əvvəl oxuma-yazma nisbəti 60 faiz idi. Çe təhsil problemlərinin həlli ilə məşğul olmağa başladıqdan sonra isə müəllimlər də xüsusi proqram çərçivəsində dərs almağa başladı. Qısa müddətdən sonra ölkədə oxuma-yazma nisbətyi 96 faizə yüksəldi.

Kuba inqilabından sonra Fidel Kastro tərəfindən Mərkəzi Bankın rəhbəri təyin edildi. Bu gün də Kuba pesosunun üzərində Çe Gevaranın imzası var.

Kuba inqilabından sonra Boliviya və Konqoda inqilaba cəhd etdi.

Uşaqlıq illəri də daxil olmaqla həyatı boyu şahmatdan böyük zövq aldı və yarışlara qatıldı.

Çe Fidel Kastro və yazıçı Ernest Heminqueylə tez-tez balıq tutmağa gedirdi.

Kubadakı raket böhranından sonra Çe bütün vəzifələrindən istefa verərək, Kuba vətəndaşlığından imtina etdi. Buna səbəb isə Fidel Kastronun ABŞ-la “soyuq müharibə”də olan SSRİ-ni dəstəkləməsi və Kubanı təhlükə qarşısında qoyması idi.

BMT-nin 1964-cü ildə Nyu-Yorkda keçirilən sammitində ABŞ-ı irqçilik və imperialist siyasət yürütməkdə ittiham etdi.

Çe əsl macəraçı idi. Gəzdiyi ölkələr arasında Misir, Mərakeş, Myanma, Tailand, Sudan, Şri-Lanka, Pakistan, Hindistan, İndoneziya, Yaponiya, Çin, Yunanıstan, Yuqoslaviya, Çexoslovakiya, SSRİ, Şimali Koreya, Şərqi Almaniya, Macarıstan, Fransa, Tanzaniya, Əlcəzair, Qana, Somali, Konqo və bütün Amerika qitəsi vardı. Amerika qitəsini motosikletlə gəzmişdi. Bu macəra vaxtı yazdığı gündəliyi “Motosiklet gündəliyi” adıyla kitab formasında nəşr olundu.

Boliviyanın La Higera kəndində güllələnərkən Çe Gevaranın son sözləri belə idi: “Bura məni öldürməyə gəldiyini bilirəm, vur məni, qorxaq, bununla yalnız bir adam öldürmüş olacaqsan”.


Müəllif: Mənsur Rəğbətoğlu