9 Oktyabr 22:58
284

Oktyabrın 9-da İranın quru qoşunları ölkənin Qərb regionunda hərbi təlimlərə başlayıblar.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, təlimlərə hərbi helikopterlər da cəlb olunub. General Seyid Əbdülrəhim Müsəvinin rəhbərliyi ilə keçirilən təlimlərin İraq ilə sərhəd bölgəsində keçirilməsi də təsadüfi deyil. Son vaxtlar İraqda baş verən gərginlik və ABŞ-ın hərbi bazalarının bu ölkədə yerləşməsi narahatlıq yaradıb.

İran ABŞ ilə münasibətlərin daha da gərginləşməsi fonunda diplomatik mübarizə ilə yanaşı, hərbi qüdrətini də göstərməyə çalışır. Ötən həftə baş verən iki hadisə onu deməyə əsas verir ki, İran generallarının “düşmən təxribat törədərsə layiqli cavabını alacaq” bəyanatları heç də təsadüfi deyil. Baş verən birinci hadisə ondan ibarətdir ki, bu gün başlanan hərbi təlimlərə rəhbərlik edən general Seyid Əbdülrəhim Müsəvinin iştirakı Körfəzi yaxınlığındakı Buşəhr şəhərində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hava Hücumundan Müdafiə Qüvvələrinin yeni bazası istifadəyə verilib. Baza uzaq mənzilləri vurmaq üçün yeni raketlər və elektron radar sistemi ilə təchiz edildib. General bildirib ki, bu baza İranın cənub sərhədlərinin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədilə yaradılıb.

Qeyd etmək lazımdır ki, Buşəhrdə İranın bir sıra nüvə obyekti var. Nüvə tədqiqatları da məhz burada həyata keçirilir. ABŞ-ın təyyarə daşıyan “Avraam Linkoln” hərbi gəmisi Körfəzə daxil olduqdan sonra İran nüvə obyektlərini daha ciddi şəkildə qorumaq məcburiyyətində qalaraq bu addımı atıb.

İkinci hadisə isə İranın beynəlxalq aləmdə hərbi qüdrətinin möhkəmləndirilməsi ilə əlaqədardır. İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadə ötən həftə Sankt-Peterburqda Xəzər sahili dövlətlərinin hərbi dəniz qüvvələrinin komandanlarının toplantısından qayıtdıqdan sonra bəyan etdi ki, yaxın aylarda İran ilə Rusiya birgə hərbi təlimlər keçirəcəklər. Təlimlər Oman dənizi və Fars körfəzində keçiriləcək. Bunun üçün Rusiya adı çəkilən sulara hərbi donanma göndərəcək.

Yuxarıda qeyd olunan hadisələrin təhlili onu deməyə əsas verir ki, İran baş verə biləcək hərbi qarşıdurmaya hərtərəfli hazırlaşır. Beləliklə, İran hava hücumundan müdafiəsini yeni baza, dəniz donanmasını müttəfiqi ilə gücləndirir, quru qoşunlarını isə döyüşə hazır vəziyyətdə saxlayır.

İran Prezidenti də daxil olmaqla demək olar ki, bütün rəsmi şəxslər müharibə istəmədiklərini bəyan edirlər. Lakin ABŞ-ın addımları İranı adekvat hərəkət etmək məcburiyyətində qoyur. Məsələ burasındadır ki, ABŞ Körfəzə “Avraam Linkoln” təyyarədaşıyan nəhəng gəmidən əlavə 18 hərbi gəmi, Yaxın Şərq ölkələrindəki hərbi bazalarına isə 2 minə yaxın hərbçi və qırıcı təyyarələr göndərib.

İran və Qərb mətbuatı bütün bu hərəkətləri tərəflərin biri-birinə psixoloji təsiri kimi qiymətləndirirlər. Qeyd olunur ki, hazırkı məqamda müharibə heç kim üçün sərfəli deyil.

ABŞ ictimaiyyəti artıq müharibələrdən cana doyub. Əfqanıstan, Suriya, Liviya, İraq və başqa ökələrə ABŞ-ın hərbi müdaxiləsi ona əlavə xərcdən başqa heç bir fayda gətirməyib. Bu müdaxilələri demokratiya uğrunda aparılan mübarizə kimi qələmə vermək variantı da artıq işləmir. Adı çəkilən ölkələrdə baş verən hadisələr göstərir ki, insanlara demokratiya əvəzinə aclıq, xəstəliklər, terror aksiyaları bəxş olunub. Buna görə də ABŞ Prezidenti müharibə ssenarisini təxirə salıb. İran isə sanksiyaların təsiri altında olduğu üçün müharibə fikrində deyil. Zəif iqtisadiyyatla müharibənin aparılması əlbəttə ki, lazımi nəticəni verməyəcək.

Bu psixoloji “müharibənin” isə nə vaxta qədər sürəcəyi hələlik bəlli deyil. Lakin “Əgər silah varsa, ondan bir gün mütləq atəş açılacaq” kimi məhşur deyimi də unutmaq lazım deyil. Bu silahdan nə zaman atəş açılacağını isə zaman göstərəcək.


Müəllif: Teleqraf.com