11 Oktyabr 00:13
254

İranda qadınların stadionda futbol izləməsinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, xanım fanatlar bu gün İranın "Azadi" stadionunda DÇ-2022-nin seçmə mərhələsində Kamboca ilə keçirilən matçına stadiondan baxıblar.

İran Futbol Federasiyasının icazəsi ilə ilk dəfə təxminən 3 min qadın onlayn bilet alaraq oyunu izləyib. Xanımların oyunu canlı izləməsi iranlı futbolçulara müsbət təsir edib. Meydan sahibləri rəqibini 14 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, İranda 1979-cu ildən qadınların stadiondan matç izləməsi qadağan idi.

Xatırladaq ki, sentyabrın 10-da stadiona daxil olmağa cəhd edən 29 yaşlı qadın azarkeş Səhər Xudayari tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verəcəyini öyrənən S.Xudayari özünü yandıraraq öldürüb. Bundan sonra FİFA İran hökumətindən qadınların hüquqlarının pozulmamasını və onların stadiona maneəsiz daxil olmalarına icazə verilməsini təlləb edib. Əks təqdirdə İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacağı bildirilib. Bu isə İranın milli komandasının beynəlxalq yarışlara buraxılmaması ilə nəticəllə bilərdi. Lakin İran hökuməti sanksiyaların tətbiqinə imkan verməyərək 40 illik qadağanı aradan götürüb.


Müəllif: Teleqraf.com