15 Oktyabr 2019 21:26
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton və Seul gələn həftə Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair növbəti dəfə danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi diplomatik mənbələrə istinadla xəbər yayıb. Danışıqların Havay adalarında təşkil olunacağı güman edilir. Cənubi Koreya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, hazırda danışıqların dəqiq vaxtı ilə bağlı son müzakirələr aparılır.

Qeyd edək ki, bu, müttəfiqlərin ABŞ qoşunlarının saxlanması xərcləri ilə bağlı ikinci görüşü olacaq. Ötən ay keçirilən ilk görüşdə Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülüməsinə dair konkret nəticə əldə edilməyib. ABŞ tərəfi rəsmi Seuldan bu məqsəd üçün daha çox vəsait ayırmasını istəyir. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanlar daxilində və ədalətli şəkildə çoxalda biləcəyini bəyan edib.

Cənubi Koreya cari il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 861,8 milyon ABŞ dolları) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub. Tərəflər növbəti il üçün Cənubi Koreyanın ayıracağı vəsaitinin məbləğinə dair ilin sonunadək razılığa gəlməlidirlər.


Müəllif: Teleqraf.com