17 Oktyabr 2019 12:31
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh çeşməsi” əməliyyatı nəticəsində Türk Silahlı Qüvvələri Suriyanın şimal bölgəsində 700-ə yaxın terrorçunu zərərləşdirib.

Teleqraf.com xəbər verir ki, əməliyyatları bölgədən müşahidə edən təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdulla Ağar maraqlı şərhləri ilə diqqəti çəkib.

Mütəxəssis deyib ki, ABŞ-a görə Türkiyə ruslara çox meyl edib, S-400 kompleksləri alıb, İrana münasibətdə sərt mövqe sərgiləməyib, daim İsrailə qarşı çıxış edib, Səudiyyəni bölgədə sıxışdırır. Məhz bu addımlar ABŞ tərəfindən birmənalı qarşılanmır.

Abdulla Ağarın sözlərinə görə, əməliyyat sahəsində amerikalıların M-4 magistral yolu nəzarətə götürülüb: “Ayn-İsada isə ABŞ-a görə “təhlükəyə yaxın” işlər görmüşük. Kobanini tüstülətdik, bir az üzərlərinə getdik. Yəni patrul xidməti aparmalarına imkan yaratmadıq.

Həmçinin Trampla Pentaqon arasında uyğunsuzluqdan yaxşıca istifadə etdik. Bu qədər təlim keçdikləri, TIR-larla silah verdikləri YPG-nin boş olduğunu nümayiş etdirdik. ABŞ-ın 10 minlərlə TIR-lıq silahı boşuna getdi. İndi də öz bazalarını özləri vurub partladır.Çünki rus əsgərləri onların bazalarında poza verib, foto çəkdirirdi. YPG-nin müqaviməti o qədər dəstək və silah qarşılığında biabırçı oldu”.

Mütəxəssisin fikrincə, bundan sonra İranda üsyan etməyə çalışan heç bir məzhəb və ya etnik qrup ABŞ-a güvənməyəcək: “ABŞ Suriyada vəkalət ordusunu bir müddətlik itirdi.

Mesopotamiya SSRİ süqut etdikdən bu yana ilk dəfə rusların əlinə keçdi. Buranı ruslara verib getmək ABŞ daxilində respublikaçılara ciddi təsir edib. ABŞ indi YPG/PKK-nı hara yerləşdirəcəyini düşünür. ABŞ Türkiyə ilə müharibə etmək istəmədi və YPG-yə çox əsəbidir. YPG-nin onu aldatdığını, İŞİD-lə təhdid etdiyini anladı”.

Abdulla Ağar hesab edir ki, Rusiya və Suriya rejimi indi YPG-dən istədiyi kimi həm Türkiyəyə, həm də başqa ölkələrə qarşı istifadə edə bilər: “Amma İranın PKK üzərində təsirini unutmamaq lazımdır. İranın hər zaman PKK-nı asimmetrik olaraq istiqamətləndirmək imkanı var. Bu gücdən Türkiyə, ABŞ və ya Rusiyaya qarşı istifadə edə bilər.

Rusiya Türkiyə ilə qurduğu əlaqələri bir kənara ata bilməz və atmaz. Türkiyə Rusiya üçün geopolitik əhəmiyyət daşıyır. Amma Rusiya da bölgədə təsirini genişləndirir. Rusiyanın bu sahədə itirmək ehtimalı yoxdur. Ruslar ancaq YPG ilə deyil, Suriyada 18 fərqli qrupla müzakirə aparır.

Bölgədə “Sülh çeşməsi” əməliyyatı müddətində bir məqam gözdən qaçır –bu, İsraildir. Kremlidə ən güclü lobbi yəhudi lobbisidir. İsrail Suriyada rusların nəzarət etdiyi hava sahəsinə daxil olub İranın “Hizbullah”ını vura bilir. Eləcə də Əsəd rejiminə aid hərbi bazalara zərbə endirir. İsrail və Rusiya arasında əməkdaşlıq var və bu əməkdaşlıq Fəratın şərqində hiss olunur. Bölgədə gizli iştirakçının İsrail olduğunu qeyd etmək lazımdır”.

Ekspert bütün bunlarla yanaşı TSK-nın əməliyyatı davam etdirdiyini, bölgədə terrorçulara qarşı hərəkətlənmə tempi azalmadan uğurla aparıldığı qənaətindədir: “İnsanlarda heyrət yaradacaq tünellər ifşa edilir. 60 fərqli yerdə 200 kilometrlik tünel tapıldı. Əsgərin əli silahdadır. Əməliyyat davam edəcək.

Mənim fikrimcə, Türkiyə üçün ən böyük təhdid qərar verənlərin zehniyyətinə sanksiyalar vasitəsi ilə göstərilən basqıdır. Millətimizin zehniyyətinə müdaxilə etmək istəyirlər. Bunun adı psixoloji hərəkətdir. Bu mərhələdə ABŞ və Qərbin Türkiyənin üzərinə gəlməsinin səbəbi budur. Türkiyə səhnədə çox güclüdür və hər kəs bunu görür, bilir. Bu səbəbdən düşüncəmizə basqı etməyə çalışırlar”.

Ekspert deyib ki, əməliyyat çərçivəsində Suriyanın Karakozak bölgəsi Türkiyə üçün əhəmiyyətlidir: “Çünki ora bizim torpağımızdır və Süleyman Şahn türbəsinin yerləşdiyi yerdir. Bu ərazidə əməliyyatın beynəlxalq hüquq baxımından əsası var”.


Müəllif: Cavad