17 Oktyabr 2019 18:57
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın “Lelo” təşkilatının qurucusu və “TBC Bank”ın qurucusu Mamuka Xazaradze Anakliya limanı layihəsinin əngəllənməsinin səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, milyarder iş adamı layihənin Rusiya qarşısında öhdəlikləri olan keçmiş baş nazir Bidzin İvanişvili tərəfindən əngəlləndiyini bildirib:

“İngilislər tərəfindən Anakliya liman şəhərinin dizaynı tamamlanıb. Yaponlar da bu işə cəlb olunub və Yaponiya hökuməti qrant ayırıb. Rəsmi bildiriş almamışam, layihənin başa çatdığını söyləyə bilmərəm, amma hökumətin gördüyü tədbirlər göstərir ki, onlar Anakliya layihəsinin əleyhinədir”.

Gürcü iş adamı liman layihəsinə 20 milyon dollar sərmayənin xərcləndiyini açıqlayıb: “Mən İvanişvili ilə görüşdüm, bu görüş onun iqamətgahında baş tutdu. Söhbət çox ağır başladı, mənə dedi ki, “görünür, siz geosiyasəti başa düşmürsünüz”. Amma İvanişvili layihəni dəstəklədiyini də dedi.

Mən ondan soruşdum ki, insanlara nə cavab verəcəyik? Bildirdi ki, bu barədə açıqlama verəcək və hər şey yaxşı olacaq”.

Əlavə edək ki, son aylarda siyasi proseslərdə fəallaşan Mamuka Xazaradze Gürcüstan hökumətinin “boz kardinalı” adlandırılan Bidzina İvanişvilinin əsas rəqiblərindən biri sayılır.

Qərbə yaxınlığı ilə seçilən Xazaradzenin sərmayə qoyduğu Anakliya layihəsi ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. İvanişviliyə yaxın çevrələrdə iş adamı “ingilis agenti” adlandırılır.

“Financial Times” Anakliyanı geosiyasi layihə adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu