18 Oktyabr 2019 11:35
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Suriyada başladığı əməliyyatlara YPG terror təşkilatına ciddi zərbə vurdu. Buna görə də, ABŞ hərəkətə keçməyə məcbur oldu və bu məqsədlə Ankaraya nümayəndə heyəti göndərdi”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Vaşinqton Ankara ilə ciddi müzakirələrindən sonra türk ordusu YPG-yə qarşı hərbi əməliyyatlara 120 saat fasilə verdi:

“ABŞ vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeonun Ankaraya səfərində 13 şərtdən ibarət razılaşma imzalandı. Hesab edirəm ki, Türkiyə bu razılaşmaya getməklə böyük ölçüdə hədəfinə çatmış olacaq.

Anlaşmaya əsasən, terror təşkilatı Ankaranın əvvəldən də istədiyi kimi, bufer zonadan geri çəkilir, üstəgəl ABŞ YPG-yə verdiyi ağır silahları geri alır. Əlbəttə, indiyədək Türkiyənin şərtləri yerinə yetirilsəydi, bu hərbi əməliyyatın keçirilməsinə ehtiyac olmayacaqdı, ABŞ da mövqeyini qoruyub saxlayacaqdı.

Bütün hallarda isə bu hərbi əməliyyatla Ankara ABŞ-ın “kürd planı”nı fiaskoya uğratdı. ABŞ-la YPG terror təşkilatı arasında etimadsızlıq mühiti yaratdı. Artıq bundan sonra YPG ABŞ-a etibar etməyəcək. Bundan əlavə, YPG Əsədlə də razılaşdı, bu da Vaşinqtonun bu terror təşkilatına münasibətini dəyişəcək əsas faktordur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ hərbi əməliyyatlara fasilə verməsi üçün Türkiyənin şərtlərini qəbul etdi:

“Hesab edirəm ki, şərtlərə əməl edilməsə, Ankara anti-terror əməliyyatlarına davam edəcək. Bu, atəşkəs deyil, Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün Vaşinqtona verilən vaxtdır”.


Müəllif: Mənsur Rəğbətoğlu