18 Oktyabr 2019 12:00
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında şimali Suriyadan YPG/PKK terrorçularının çıxarılmasına dair anlaşmaya Bəşər Əsəd və terror təşkilatı reaksiya verib.

Teleqraf.com xəbər verir ki, tərəflərin anlaşmaya münasibəti fərqli olub.

“Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin YPG-yə yaxınlığı ilə seçilən televizya kanalına bildirib ki, Türkiyə ilə anlaşmanı qəbul edirlər və razılaşmanın işləməsi üçün lazım olan hər şeyi edəcəklər.

Terrorçuların başçısı əlavə edib ki, razılaşma bir başlanğıcdır və ötən həftə Suriyanın şimalında başlanan Türkiyə əməliyyatı hədəfinə çatmayacaq.

Razılaşmanın Rasualyn və Tal Abyad arasındakı 100 kilometrlik sərhəd bölgəsini əhatə etdiyini iddia edən terrorçuların başçısı deyib: “Qüvvələrimiz digər yerlərdə qalmaqda davam edəcək. Digər bölgələrələ bağlı atəşkəs tətbiq edilməli və heç bir demoqrafik dəyişiklik olmamalıdır”.

PYD-nin sabiq rəhbəri Salih Müslümdə də ABŞ-Türkiyə razılaşmasından danışıb. O deyib ki, atəşkəsi məmnuniyyətlə qarşılayırlar, amma hər hansı bir hücum anında özlərini müdafiə edəcəklər.

Türkiyənin beynəlxalq axtarışa verdiyi Salih Müslüm “Atəşkəs başqa, təslim olmaq isə tam başqa məsələdir. Özümüzü müdafiə etməyə hazırıq. Suriyanın şimalının işğal edilməsini qəbul etməyəcəyik” ifadələrini işlədib.

ABŞ və Türkiyə arasında Suriyaya dair anlaşmaya Suriya hökuməti də reaksiya verib. Əsədin media sözçüsü Buseyna Şaban anlaşmanı “qeyri-müəyyən və müəmmalı” adlandırıb.

“Əl Meydan” televiziyasına danışan Əsədin sözçüsü əlavə edib ki, ABŞ və Türkiyənin elan etdiyi atəşkəs anlaşması mənasızdır: “Dəməşq Suriyada bir İraq Kürdüstanını qəbul etməyəcək”.

Şaban YPG ilə anlaşma məsələsində “əhəmiyyətli addımlar” atıldığını ifadə edib.


Müəllif: Cavad