18 Oktyabr 2019 12:08
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ankara və Vaşinqton arasında anlaşmaya əsasən, ABŞ terrorçuların 5 gün ərzində geri çəkiləcəyini bildirdi. Bir məsələ maraqlıdır ki, Pens əməliyyatların dayandırıldığını elan etsə də, Çavuşoğlu 120 saat vaxt verildiyini, yəni terrorçular 32 kilometr geri çəkiləcəyi halda əməliyyatın dayandırılacağını dedi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspert prosesdən Türkiyənin qazanclı çıxdığını istisna etmir, amma bir sıra sualların cavabsız qaldığına da diqqət çəkir:

“Bu anlaşma bir sualı yaratdı: kim daha çox qazandı? Pens-Ərdoğan görüşü başa çatdıqdan sonra Tramp hər kəsi təbrik etdi və bildirdi ki, böyük insan qırğınının qarşısı alındı. Əslində Amerika prezidentinin açıqlamasını belə də başa düşmək olar, ABŞ həm terrorçuların canını türk ordusundan, həm də bölgədəki maddi, hərbi yatırımlarını qurtardı. Terrorçuların müəyyən hissəsi isə Trampla razı deyil və bu anlaşmaya etiraz edir.

Əslində kürdlərin özü ABŞ-ın oyununa gəldilər və kürd dövlətinin qurulması planı xülyaya çevrildi. Bu, terrorçu qruplaşmaların parçalanmasına gətirib çıxara bilər”.

Ramiyə Məmmədova bildirib ki, Rusiya ilə anlaşan ABŞ Suriyadakı hərbi qüvvələrinin müəyyən qismini geri çəkərək mövqeləri ruslara verdi:

“Terrorçular bundan sonra Əsəd rejimi ilə hərəkət edəcəyini açıqladı, lakin Rusiyanın buna nə qədər isti baxacağı məlum deyil. Bütün hallarda Rusiya istəyinə nail oldu, Suriya parçalanmadan yaxa qurtardı. Bundan sonra Əsəd rejiminin yenidən bölgələrdə üstünlüyü ələ keçirəcəyi gözləniləndir. Yəni, demək olar ki, Rusiya ABŞ qarşısında məğlub olmadı.

Türkiyə bu iki dövlət arasındakı əzəli rəqabətdən məharətlə istifadə edə bildi. Artıq Türkiyə Rusiya ilə masa arxasına keçərək, Suriya məsələsini həll etməli olacaq, bunun da hansı nəticə verəcəyi ABŞ-a verilmiş 120 saatdan sonra məlum olacaq”.

Ekspert qeyd edib ki, ABŞ Əfqanıstanda olduğu kimi Suriyadan zərərli çıxmaq istəmir: “Hələlik poliqonu regional oyunçulara vermiş kimi görünür, lakin tamamilə geri çəkiləcəyi sual altındadır. ABŞ heç vaxt verdiyi vədi yerinə yetirmir, bu da o deməkdir ki, bölgədə sabitlikdən danışmaq hələ tezdir”.


Müəllif: Mənsur Rəğbətoğlu